Azər Allahverənov: "Önəmli olan həmin saxta məlumatı filtrasiyaya
etməmək və onun üzərində güclü nəzarət mexanizmini qurmaqdır"

Əhalinin aztəminatlı hissəsi ilə bağlı hökumətin gördüyü tədbirlər sırasına bu yaxınlarda daha biri əlavə olundu. Ünvanlı dövlət sosial yardımı (ÜSY) üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi yaradıldı.
Bunu ÜSY-nın verilməsi prosesində şəffaflığı təmin etmək istiqamətində görülən işlərdən biri hesab etmək olar. Qeyd edək ki, indiyədək ünvanlı yardımların verilməsində yaranan problemlər bəzi hallarda narazılıqlara səbəb olurdu. Yeni sistem isə bu kimi problemləri əngəlləməyə qadirdir. Götürək yardım üçün müraciətə. Bəzən ünvanlı yardım üçün müraciət edən vətəndaşın müraciəti qəbul edilmirdi. Bunun üçün çoxsaylı əsaslar gətirilirdi. Vətəndaşın get-gələ salınması halları da müşahidə edilirdi. Yeni sistemdə isə ünvanlı yardım üçün müraciət elektronlaşdırılıb. Yəni aztəminatlı ailə rahatlıqla elektron şəkildə sistemə daxil olub yardım almaq üçün lazımi sənədləri sistemə yükləyə bilər. Bu zaman aidiyyatı qurumlar sistemə inteqrasiya olunduqda vətəndaşın verdiyi məlumatın səhv, yaxud düz olduğunu elektron formada yoxlamaq mümkün olacaq. Yəni, sistem özü kimə yardımın düşüb, kimə düşmədiyini özü müəyyən edir.
Ekspert Azər Allahverənov da ünvanlı dövlət sosial yardımı (ÜSY) üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin yaradılmasının yardımın verilməsində şəffaflıq yaradacağını söyləyir. Ekspert bu məsələdə insan faktorunun aradan qaldırılmasının mühüm addım olduğunu deyir: "Bilirsinizmi, istənilən məsələyə o prizmadan yanaşmaq olar ki, məlumat bazasına saxta məlumat ötürmək mümkündür... Önəmli olan həmin saxta məlumatı filtrasiyaya etməmək və onun üzərində güclü nəzarət mexanizmini qurmaqdır. Nəzarət saxta məlumatın qarşısını almalıdır. Dediyim kimi, saxta məlumatı daxıl edən insandır... ona görə onun bu kimi əməllərinin qarşısı alınmalıdır".
A.Allahverənov deyir ki, bu mürəkkəb bir prosesdir. Bunun üçün effektiv bir mexanizm yaratmaq lazımdır: "Fikrimcə, burada subyektiv faktor minimuma endirilməlidir".
Həmsöhbətim eyni zamanda bildirir ki, ASAN Xidmətin prosesə qoşulması bu istiqamətdə icra olunan işlərin effektivliyini bir qədər də artırar.
Qeyd edək ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım alanların məlumatını sayta yerləşdirib. Nazirliyin veb saytına daxil olmaqla, hansı rayonda hansı sakinin ünvanlı yardım aldığını öyrənmək mümkündür. Bu da əhalinin aztəminatlı hissəsinə yönəlik ünvanlı sosial yardımla bağlı atılan mühüm addımdır. Hansı ki, bu məsələ də şəffaflığın təmininə yönəlib. Əvvəllər ünvanlı yardımı kimlərin aldığını ancaq rayon Sosial Müdafiə Mərkəzləri bilirdisə, indi bu hesabat ictimaiyyətə açıqdır. Yeni sistemin yaradılması isə şəffaflığın artırılmasını daha da artıracaq. Çünki, ünvanlı dövlət sosial yardımı (ÜSY) üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi 20 qurum arasında informasiya resurslarının inteqrasiyasını nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkədə digər sosial proqramlar kimi, aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsində mühüm yer tutan ünvanlı dövlət sosial yardımı proqramı da uğurla davam etdirilir. 2015-ci ildə respublikada orta hesabla 112663 ailə (492337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da 2014-cü illə müqayisədə 8772 vahid (38334 nəfər) və ya 7,2 % azalma deməkdir. Yardım alan ailələrin sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ödənilən yardımların məbləğinin artmasına imkan verib. Belə ki, 2015-ci ilin dekabr ayında ünvanlı dövlət sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqribən 18,7 manat və ya 14,1% artaraq 152,6 manata çatıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımı sistemində aparılan islahatlara toxunaraq, bu yardımı alan insanların sayının azaldığını, bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verildiyini vurğulayıb.
Dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemi üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. Ünvanlı dövlət sosial yardımının təyinatı prosesi "Elektron hökumət" portalı üzərindən VEMTAS vasitəsilə avtomatlaşdırılmış şəraitdə həyata keçiriləcək. Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən 20 qurumun müvafiq informasiya resurslarına çıxışı təmin olunacaq. Bununla da VEMTAS-da müxtəlif qurumların daxil olduğu çoxşaxəli elektron infrastruktur formalaşacaq. Həmin qurumların nümayəndələri ilə mütəmadi görüşlər keçirilərək bu sahədə işlərin yüksək səviyyədə təşkili üçün müzakirələr aparılır. Artıq 20 dövlət qurumundan 12-si tərəfindən informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyası təmin olunub. Digər qurumlar tərəfindən də bu istiqamətdə işlər davam etdirilir. Portala qoşulan bu sistemlər vasitəsilə əldə olunan məlumatlar ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmə aparılmasına imkan verəcək. Bütün məlumatlar ümumiləşdirilərək təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə avtomatik şəraitdə qərar qəbulu həyata keçiriləcək. Müraciət edən vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat da onun elektron ünvanına, yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək. Ünvanlı dövlət sosial yardımı təyin edildiyi halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə dair bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka avtomatik şəraitdə sifariş veriləcək. Həmçinin ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək.
Qeyd edək ki, bu Elektron Hökumət quruculuğuna da bir tövhədir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətləri E-hökumət portalında ən çox istifadə olunan xidmətlər arasındadır. Bu isə əhalinin e-hökumət portalına marağının artması ilə yanaşı, məmur-vətəndaş münasibətlərinin canlı təmasını 0-a endirir. Məlumatlara görə, elektron xidmətlər korrupsiya, rüşvət hallarının qarşısının alınmasında mühüm rol oynayır. Vətəndaşın hər hansı xidməti elektron alması məmurla təması azaltdığından, ortada rüşvət faktı da olmur. VEMTAS sistemi bu mənada ünvanlı sosial yardım alanların köməyinə çatacaq.