"Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Ermənistana vaxt verilib. Bu vaxt çox güman ki, payız aylarının ilk həftələrinə qədər davam edəcək. Unikal.org Milli.az-a istinadən xəbər verir ki, hər halda bu vaxt Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə qədər davam edəcək".

Bu barədə Milli.Az-a açıqlamasında politoloqİlqar VəlizadəAzərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ətarfında cərəyan edən son hadisələri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, prezidentlərin gözlənilən görüşündə tərəflər hansısa konkret mövqe ortaya qoymalı, hələlik qaralama şəklində olan təkliflərə münasibət bildirməlidirlər: "Məhz buna görədir ki, cəbhə xəttində də nisbi sakitlik yaşanır. Eyni zamanda son səfərlər onu deməyə əsas verir ki, Rusiya əsas moderator, vasitəçi qismində çıxış edir. Hətta ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqlaması da göstərir ki, ABŞ bu ərəfədə Rusiyanın məsələnin həllindəki fəallığına etiraz etmir. Hazırda bütün müzakirələr "Lavrov planı" ətrafında gedir. Böyük ehtimalla Azərbaycan artıq "Lavrov planı" ilə bağlı mövqeyini ortalığa qoyub. Çünki bu plan bizim üçün qismən də olsa, məqbuldur. Bu plana əsasən, söhbət ilkin növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasından gedir. İndi bu məsələyə Ermənistan münasibət bildirməlidir. Ermənistan cəmiyyətində isə bununla bağlı müxtəlif söhbətlər, fərziyyələr dolaşır. Hətta işğal edilmiş ərazilərdəki qondarma qurumun rəsmiləri də bu güzəştlərdən və buna nəyə görə gedilməsindən danışırlar. Bu o deməkdir ki, Ermənistana sadəcə vaxt verilib ki, bu güzəştləri etsin. Güzəştlərin hansı şəkildə və necə ediləcəyi isə artıq onların öz işləridir".

Lakin ekspert hesab edir ki, Ermənistanda məsələyə yanaşma birmənalı deyil: "Hazırda Ermənistan cəmiyyətində çoxlu spekulyasiyalar gedir. Sanki hakimiyyət məsuliyyəti cəmiyyətin boynuna atmaq istəyir. Demək istəyir ki, baxın, cəmiyyətdə əhval-ruhiyyədə bu şəkildədir, ona görə də heç nə edə bilmərəm. Cəmiyyətdə müxtəlif qruplarda belə mesajlar gəlir ki, hakimiyyət təslimçi mövqedə dayanır, amma biz bunu istəmirik. Bu isə hakimiyyətə əl verir ki, göstərsin ki, biz nəyəsə güzəştə gedə bilərdik, amma cəmiyyət bunu istəmir. Yəni sanki oyun gedir. Bu oyun da vəziyyəti dəyişmək istəməməkdən irəli gəlir. Amma burda ortalıqda Rusiyanın mövqeyi var. Rusiya çox güman ki, açıq təzyiqlər etməsə də, hər halda Ermənistana yumşaq formada da olsa, bildirib ki, siz planla bağlı ağlabatan nəsə bir şey deməlisiniz ki, müharibə ehtimalını minimuma endirmək mümkün olsun".