"Psixoemosional sferada problemi olan insanlar praktik sağlam insanlara nisbətən kəskin hava dəyişkənliyinə adaptasiya ola bilmirlər. Ən çox da temperatur və rütubətliliyin yüksək olması belə şəxslərdə stress, yorğunluq, halsızlıq, həyəcan hissi, yüksək qıcıqlanma kimi hallara səbəb olur, xəstələr çox vaxt başağrısı və yuxu pozulmasından şikayət edirlər".

Unikal.org bildirir ki, bunu report-a həkim-nevroloq, Azərbaycan Tibb Universiteti (ATU) Nevrologiya və tibbi genetika kafedrasının assistenti, ATU Tədris Terapevtik Klinikanın nevroloqu Nuran Əmənullayev deyib.

Nevroloq bildirib ki, havada baş verən dəyişikliklər nevroloji xəstəliklərin həm gedişinə, həm də yaranmasına səbəb ola bilər: "Təbiətin pis havası yoxdur" deyilsə də, bəzi meteohəssas insanlar üçün bu deyim uyğun gəlmir. Hava şəraiti göstəriciləri insan orqanizminə güclü təsir edən faktorlardır. Çox zaman tək bir yüksək temperatur deyil, həmçinin havanın rütubətliliyinin yüksək olması, külək, siklonlar, atmosfer təzyiqi dəyişkənliyi, günəş aktivliyinin yüksəkliyi, maqnit burulğanı və s. amillər birlikdə insan orqanizmində ciddi dəyişikliklərə, müxtəlif xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də nevroloji xəstəliklərin həm gedişinə, həm də yaranmasına səbəb ola bilər. Çox isti hava və günəş şüalarının birbaşa baş nahiyəsinə təsiri nəticəsində insanda istilikvermə və tərləmə artır. Bu isə orqanizmdə maye itkisinə, beyin qan damarlarının genişlənməsinə, qan dövranının mərkəzləşməsinə, günvurmaya səbəb olur. Belə hal uzun müddət davam edərsə, trombəmələgəlmənin artmasına və nəticədə ağır nevroloji xəstəlik olan insulta gətirib çıxarır".

N.Əmənullayev bildirib ki, isti hava şəraitində hər bir insan, xüsusən arterial hipertenziya, şəkərli diabeti olan xroniki xəstələr, eləcə də yaşlılar günün çox qızmar olduğu saatlarda havada olmamalı, lazımi qədər maye qəbul etməlidirlər. Həkim qeyd edib ki, günəşdən qorunmaq üçün gün eynəkləri, baş örtükləri və açıq rəngli geyimlərdən istifadə olunmalıdır.