Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosuna müsahibəsindəABŞ-ın ölkədəki keçmiş səfiri Metyu Brayzanın iki rayonun qaytarılması haqda yazdıqlarına münasibət bildirib.

Unikal.org həmin müsahibəni təqdim edir:

-Bryza prezidentlərin bu təklifi alqışladıqlarını deyir, sizcə, nə qədər keçərli təklifdir? Bryza-nın dediyi kimi, Putin blef edir, ya?..

- Birincisi, hər yerdə yayılan məluma görə, ilkin mərhələdə söhbət beş rayonun qaytarılmasından gedir. Ermənilər də beş rayonun əvəzində müəyyən təhlükəsizlik qarantiyası almaq istəyirlər. Bu baxımdan, bu, məntiqli addım sayıla bilər. İki rayondan söhbət gedəndə isə ortaya sual çıxır: nəyi nəzərdə tuturlar? Təbii ki, məsələyə kompleks şəkildə baxılmalıdır. Söhbət iki rayondan getsə belə, orda elə mexanizm qurulmalıdır ki, proses ardıcıl şəkildə davam edə bilsin. Yəni məsələ iki rayonun qaytarılması ilə həll oluna bilməz. Bu baxımdan, belə təklif varsa, onunla yanaşı nələr təklif edilir, onlara baxılmalıdır. Əsas tələb bu olmalıdır ki, proses ardıcıl getsin. Bəllidir ki, Azərbaycan indiki mərhələdəDağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməlidir. Təhlükəsizlik istəyirlərsə, deməli, nəyisə verməlidirlər. Şübhə etmirəm ki, bu təklif ilkin addım kimi qəbul edilə bilər, amma yenə deyirəm, onunla yanaşı hansısa şərtlərlə. Əfsuslar olsun ki, məlumat azdır, müxtəlif fərziyyələr səslənir. Məlumat az olduğundan nəticəyə gəlmək olmur.

- Sizcə, Azərbaycana iki rayonla yanaşı nə təklif edilə bilər? İndiyədək 5 rayonun geri qaytarılması ətrafında müzakirə gedirdi. Birdən-birə Bryza iki rayondan danışır. Azərbaycan hansı şərtlərlə danışıqlara getməlidir?

- Artiq birinci addım atılıb, aprel döyüşlərindən sonra vəziyyət dəyişib. Azərbaycan ermənilərin təhlükəsizliyini təmin etmək qarşılığında işğal edilmiş torpaqların bir qismini geri ala bilər. İndi sual odur: "bir qisim deyəndə nələr nəzərdə tutula bilər ilkin addım olaraq? Bir rayon, iki rayon, beş, ya yeddi? Bunun əvəzinə hansı təminatlar veriləcək? İndiki həmsədrlərin fəallığı onunla bağlıdır ki, onlar bundan əvvəlki qüvvələr balansının pozulduğunu başa düşürlər. Azərbaycanın qüvvəsi ermənilərinkindən qat-qat çoxdur. Bunu əvəzləmək və gələcəkdə müharibənin başlamasının, eləcə dəErmənistanın məğlubiyyətini önləməkdən ötrü bir sıra siyasi addımlar atılmalıdır.

- Söhbət hansı addımlardan gedir?

-Ermənistanın qarşısında tələb qoyulur ki, "ya siz sülh prosesi çərçivəsində şərtləri qəbul edirsiz və qarşılığında təhlükəsizliyinizə təminat alırsız, ya da proses tam idarəolunmaz şəkil alır, müharibə başlayır, siz də məğlub olursuz. Məntiq bunu deyir. İlkin mərhələdə bir, iki, üç rayon qaytarıla bilər. Onsuz da Azərbaycanın məqsədi bəllidir: işğal edilmiş torpaqlar azad olunmalıdır! Ondan sonra növbəDağlıq Qarabağa gəlir. İndiki mərhələdə Azərbaycan da,Ermənistanda həmsədrlərdən öz hüquqlarını tələb edir. İndi kimsə ilkin mərhələdə iki rayon deyir, kimsə beş.

- Qayıdıram yenə Matthew Bryza-nın yazdıqlarına, onun dediyinə görə, Azərbaycan iki rayonun geri qaytarılması əvəzindəErmənistanla tranzit və iqtisadi əlaqələri bərpa etməlidir. Azərbaycandan istənilən çox deyilmi?

- Proses getsə, Azərbaycan daErmənistanla iqtisadi və başqa əlaqələri bərpa etməkdə maraqlıdır. Bu yolla ermənilərə göstərəcəklər ki, sülhün əvəzində nə alacaqsız. Bu, bizim tərəfdən idarə olunan prosesdir. Nəyisə bəyənməsək, prosesi dayandıra bilərik. Digər tərəfdən, onlara Gürcüstan modelini göstərə bilərik.

- Bryza məqaləsinin sonunda Putinin blef etdiyini yazsa da, əlavə edir ki, Vaşinqton bundan istifadə edərək danışıqları canlandırmalıdır. Bu danışıqlarda bir müddət iştirak etmiş diplomat kimi siz nə düşünürsüz,Dağlıq Qarabağətrafında nəsə baş verirmi, danışıqlarda canlanma varmı, ya bu da görüntüdür? Sizin müşahidəniz nədir?

- İndiki mərhələdə bu prosesin canlanması birbaşa apreldəki döyüşlərlə bağlıdır. Başa düşürlər ki, proses onlar tərəfindən tam idarə olunmur. İllərlə deyirdilər ki, "o xətti keçmək olmaz, amma iki saat ərzində Azərbaycan xüsusitəyinatlıları o ərazini götürdülər. Əmr olsaydı, bir az da irəli gedəcəkdilər. Həmsədrlər prosesi idarə edə biləcəklərini göstərmək üçün fəallaşıblar indi, danışıqları canlandırıblar. Onlar prosesi idarə edə bilməsə, daha çox Azərbaycanın idarə edəcəyi proses başlayacaq. Məhz ona görə də danışıqlar bərpa olundu. Buna görə, Bryza demiş, kimisə provokasiyaya çəkməyə ehtiyac yoxdur.