ATƏT-in sədri: "Bu münaqişə güc yolu ilə həll olunmayacaq"
ATƏT-in sədri: "Bu münaqişə güc yolu ilə həll olunmayacaq"

Politoloq Sergey Markedonov: "Qarabağ məsələsində risklər çoxalır"

Artıq ölkədə Azərbaycanda müharibə gedir. Ən azından, KİV hər gün cəbhə boyu gedən atışmalardan xəbərlər yayır. Hər iki tərəfdən ölənlər var və məlumatlara görə, erməni tərəfi daha çox itkiyə məruz qalıb. Dağlıq Qarabağ ətrafında yaranmış bu durum Qərbi də narahat edib. Belə ki ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Dağlıq Qarabağ münaqişəsinin bütün iştirakçılarını güc tətbiqindən və güc tətbiq etməklə hədələməkdən vaz keçməyə çağırıb.

E. Gilmor Ermənistan xaric işlər naziri Edvard Nalbandyanla görüşdən sonra verdiyi açıqlamada təmas xəttində son günlər baş verən hadisələri qəti şəkildə pisləyib: "Bu münaqişə güc yolu ilə həll olunmayacaq. Zorakılıq dayandırılmalıdır. Bu mesajımı Azərbaycanda da səsləndirəcəyəm. Qarşılıqlı etimad yaradılmasının vaxtı çatıb, bunun üçün bütün tərəflərin iradəsi və sülh öhdəliyi tələb olunur".
Fəaliyyətdə olan sədr Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinə dəstəyini ifadə edib: "ATƏT ölkələri və xalqlar arasındakı ayrılıqları aradan qaldırmağa kömək edə bilər. Biz dialoq üçün forumun təmin edilməsində, atəşkəs rejiminin möhkəmləndirilməsi və danışıqlar yolu ilə həll yolunun tapılmasında tərəflərə dəstək verə bilərik".
E. Gilmor tərəflər arasında etimadın artırılması tədbirlərinin görülməsi, snayperlərin təmas xəttindən geri çəkilməsi və təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.
İyunun əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi toqquşmalar tezləşdi. Durumu kəskinləşdirən həm də budur ki, insidentlər praktik olaraq ABŞ dövlət katibi Hillari Klintonun Qafqaz turnesi ilə üst-üstə düşdü. Belə üst-üstə düşmə təsadüfidirmi? Və bu "qızğın iyun" köhnə münaqişənin nizamlanma dinamikasında hansı nəticələrə səbəb ola bilər?
"Exo Kavkaza" radiostansiyasına müsahibə vermiş rusiyalı politoloq Sergey Markedonovun fikrincə, "Amerikanın dövlət katibinin bu məsələyə bağlı olması barədə konspiroloji fərziyyələri bu başdan istisna etmək lazımdır. Bu tipli fərziyyələrin müəllifləri, adətən, heç bir ciddi sübutlar gətirə bilmirlər. Yeri gəlmişkən, onlar bir qayda olaraq belə bir məşğlubiyyət üçün özlərini çox da əziyyətə salmırlar".
Politoloqun sözlərinə görə, "Təəssüf ki, münaqişə zonasında atəşkəs rejiminin pozulması artıq nadir hadisələrdən deyil. Və çətin ki bunları hansısa bir diplomatik səfərlə əlaqələndirmək mümkün olsun. Qarabağda münaqişə edən tərəfləri ayırmaq üçün sülhpərvər missiya həyata keçirilmir. Burada hər şey 1994-cü ilin mayında imzalanmış atəşkəs barədə müqaviləyə söykənir, tərəfləri isə Bakı və İrəvanda "cəhbə xətti" adlandırılan xətt ayırır. Burada yeganə vasitəçi qüvvə hələ ki tərəflər arasında güzəştləri təmin edə bilməyən ATƏT-in Minsk Qrupudur. Və bu tamamilə başa düşüləndir, çünki münaqişə iştirakçılarının yerinə hər hansı görkəmli bir diplomat da olsaydı, optimal həll tapa bilməzdi. Nəticə olaraq təhlükə gücə əl atmaqdan qaynaqlanır. Son bir neçə il ərzində "cəbhə xətti"ndə insidentlər çoxalır. Tərəflər, adətən, bir-birlərini ittiham edirlər.
Lakin atəşkəsin pozulmasının səbəbləri hansılardır? Və ən başlıcası, vəziyyətin yeni müharibəyə sürüklənməsinin böyük ehtimalı barədə danışmaq olarmı? İlk baxışdan neqativ inkişafın təşvişli əlamətləri az deyil. Danışıqlar müvəffəqiyyətə gətirib çıxartmır, münaqişə iştitrakçılarının mövqeləri uyğunlaşmır. Belə şərtlər daxilində güc variantının xeyrinə yekun söz demək meyli güc gəlir".
Analitik sözünə davam edib deyir ki, "Lakin medalın başqa bir üzü də var. Bəli, tərəflər həmişə bir-birinin möhkəmliyini yoxlayırlar, lakin eyni zamanda adi silahlarla qızğın silahlanma (Allaha şükür ki, hələlik nüvə silahı deyil) müəyyən dərəcədə stabilləşdirici amildir. Hər iki tərəf böyük müharibədən qorxur. Bu, təkcə insan təlafatı deyil, həm də legitimliyi daha çox Qarabağ münaqişəsinə söykənən hakimiyyətin imicinin aşağı düşməsi qorxusudur. Unutmaq lazım deyil ki, həm Ermənistan, həm də Azərbaycan 2013-cü ildə prezident seçəcək. Və beşilliyin başlıca siyasi hadisəsinin ərəfəsində qeyri-müəyyən nəticəsi olan, uzun sürən müharibə (indiki şəraitdə ildırım sürətli müharibə az ağlabatan görünür) həm İrəvanda, həm də Bakıda istənilən hakimiyyətin axırına çıxa bilər".
Sergey Markedonovun qənaətincə, "Gürcüstandan fərqli olaraq Dağlıq Qarabağ münaqişəsi Moskva ilə Qərb arasında rəqabət meydanına çevrilmədi. Klintonun bu yaxınlardakı səfəri bunu bir daha göstərdi. O "Abxaziyanın işğalına görə Rusiyanı kəskin şəkildə tənqid etdi, amma Ermənistan-Azərbaycan qarşıdurmasının həlli prosesində birgə vasitəçiliyin vacibliyini vurğuladı. Belə bir şəraitdə cəbhədə güc variantının tətbiqi vasitəçilərə təzyiq kimi görünür. Təhlükəli oyundur? Şübhəsiz! Lakin güzəştlər olmasa, bu, praktik olaraq qaçılmazdır. Həm də nəzərə alın ki, Rusiya ilə ABŞ bu məsələdə ümumi dil tapa bilmir. Nəticədə oyunda risklər çoxalır".
Savalan