Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən İlqar Abdullayev prokurorun suallarını cavablandırıb. O bildirib ki, tapşırıqla verdiyi kreditlər 2014-cü ilin iyulunda bağlanıb: "Şərtləri də Kredit Komissiyası müəyyənləşdirmişdi. İdarə Heyətinin qərarı ilə Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyevin kredit müddəti bəzən 2014-2015-ci illərə kimi uzadılıb. Mən heç bir vəsaitin mənimsənilməsində iştirak etməmişəm. Pulların hara xərclənməsi barədə məlumatın yox idi. Pulların hara xərclənməsini yoxlamaq filialın işi deyildi. Cahangir Hacıyevin adından mənə göstərişləri üç adam - Emin Mustafayev, Anar Bəkirov və Anar Sultanov verirdi".
Təqsirləndirilən Yusif Ələkbərov ifadəsində 2001-2012-ci ilədək bankda çalışdığını deyib: "İttihamı oxudum, amma heç bir sübut tapmadım. Mənim yalnız Anar Sultanov və İlqar Abdullayevlə ünsiyyətim olub. Belə olan halda hansı mütəşəkkil dəstədən söhbət gedə bilər? Mən bir dəfə də Cahangir Hacıyevin kabinetində olmamışam. Mən əvvəl şərti məhkum olunmuşam. Beynəlxalq Bankın rəhbərliyi ərəb müştərinin vəsaitini mənimsədiyimə görə şikayət edib, həbs etdirmişdi. Buna görə mənə gülməli gəlir ki, indi bankın rəhbərini mənimsəmədə necə ittiham etmək olar?".

Bu vaxt Cahangir Hacıyev "mən bu adamı cinayət əməlinə görə öz əllərimlə prokurorluğa təhvil vermişəm" deyib.

Kənan Orucov ifadəsində 1993-cü ildən bankda çalışdığını deyib. O bildirib ki, 2003-cü ildən 2015-ci ilə qədər Nəqliyyat filialının müdiri olub və sonradan öz ərizəsi ilə işdən çıxıb. O əlavə edib ki, bankın mühafizə xidməti əməkdaşlarının adına 16 milyon 910 min manat kredit ayrılması barədə ona göstəriş verilib: "Filialda bu qədər vəsait olmadığına görə, biz yalnız kredit müqaviləsini rəsmiləşdirdik, onlar isə pulu baş idarədən götürdülər. Bizim korporativ müştərilərimiz olurdu, əsasən büdcə təşkilatlarına kredit ayrılması ilə bağlı Cahangir Hacıyev mənə göstəriş verirdi. Ancaq bu kreditlərin hara yönəldilməsi ilə bağlı mənim xəbərim yox idi".

C. Hacıyev isə arayış verərək qeyd edib ki, məsələn, Fındıq Emalı Zavodunun adına ayrılmış kredit vergi orqanının hesabına köçürülürdü: "Ona görə də deyirəm ki, sənədlər ortalığa qoyulmalıdır".
Təqsirləndirilən Məmməd Cahangirov ifadəsində 2001-2011-ci illərdə Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri işləyib. O qeyd edib ki, bütün kreditlər baş idarənin qərarı ilə verilib: "Məsələn Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyevin adına verilən kreditlər Ukraynada Metal Emalı Zavoduna yönəldilirdi. Sürücü mənə deyirdi ki, filan qədər kredit ayrılmalıdı. Bundan sonra mən baş idarəyə gedib, Akif Əliyevdən soruşurdum ki, bu adama kredit vermək olar, yoxsa yox? 

O isə bunun əleyhinə idi. Mən də iki şəxsin arasında qalmışdım. Akif Əliyevin yanına gedib, dedim ki, sən belə deyirsən, o isə deyir krediti ver. Mən Akifin otağında olanda, o, Cahangir Hacıyevlə əlaqə saxladı və Cahangir sürücüsünə pul ayrılması barədə göstəriş verdi. Qəribəydi ki, bəzən Kredit Komitəsinin qərarı kredit alan şəxs barəsində sənədlərdən əvvəl banka göndərilirdi. Sənədlər gəlməmişdən qabaq, qərar gəlirdi ki, bu adama pul ayrılmalıdı. Mən bunun tərəfdarı deyildim. Tələb edirdim ki, adamlar özləri gəlib kreditləri alsınlar. O pullar hara gedib, nəyə xərclənib, mənim heç bir məlumatım yox idi. Cahangir Hacıyevlə cəmi iki dəfə ünsiyyətim olub. Biz nə edə bilərdik? Bu cür təhlükəli kreditlərlə bağlı biz baş idarəyə memorandum yaza bilərdik. Ancaq bunu etməklə də, özümüzə hökm çıxarmış olurduq. Bir şeyi də nəzərə almaq lazımdır ki, bir adam yox, on adam da qol çəkməsəydi, əgər o pul ordan çıxarılmalıydısa, çıxarılacaqdı".

C. Hacıyev isə bildirib ki, sürücüsünün adına ayrılan kreditlər Albaniya və Ukraynadakı armatur biznesinə ayrılmışdı: "Aydın Mehdiyev və Məmməd Cahangirov bu işi şərik görürdü. Ancaq sonradan onların arasında problem yarandı, ona görə də Məmməd Cahangirovun iş yeri dəyişdirildi".
Bu vaxt Cahangir Hacıyevlə M. Cahangirov arasında mübahisə yaranıb.

M. Cahangirov C. Hacıyevə: "Allahınız olsun, niyə yalan danışırsınız? Mənim o biznesə heç bir aidiyyatım olmayıb. Mənim iş yerimin dəyişdirilməsi də rotasiya qaydasında olub".

C. Hacıyev isə cavabında "Mən yalan danışmıram və onu da əlavə edirəm ki, ittiham aktında olan kreditlərin Məmməd Cahangirova heç bir dəxli olmayıb", - deyə əlavə edib.

Sonra təqsirləndirilən "İnter Security MMC-nin direktoru işləmiş İbrahim Hüseynov ifadə verib. O deyib ki, rəhbəri olduğu şirkətin əməkdaşlarını kredit götürməsi üçün özü göndərib və bu işdə heç bir marağı olmayıb: "Biz şirkət olaraq baş idarənin yox, digər strukturların mühafizəsini həyata keçirirdik. Başqa fiziki şəxslərlə müqavilə imzalamırdıq. Aydın Mehdiyev zəng edirdi ki, etibarlı adamlar göndər, filan qədər kredit almaq lazımdır və mən də göndərirdim".

Bu vaxt prokuror sual verib ki, həmin şəxslərə kredit verməsini Aydın Mehdiyev öz adından deyirdi, yoxsa rəhbərliyin? O isə cavabında bunun rəhbərliyin tapşırığı olduğunu deyib: "Mən heç özüm də bilmirdim ki, bu kreditlər hansı məqsədlə verilir. İşçilərimin mənə hörməti var idi və bilirdilər ki, bu işim arxasında mən dayanmışam. Ona görə mən bu gün burdayam ki, onlar məsuliyyətə cəlb olunmasınlar".

Sonra Məmməd Cahangirov sürücü Aydın Mehdiyevlə biznes əlaqələrinin olub-olmamasını aydınlaşdırmaq üçün İbrahim Hüseynova sual verib. İ. Hüseynov da "xeyr" - deyə cavab verib.
M. Cahangirov əlavə edib ki, kreditlərin bağlanmasını sürücüdən dəfələrlə tələb etsə də, o, bunun Dünyamin adlı şəxs tərəfindən ödəniləcəyini deyib.

Azad Cavadov ifadəsində bildirib ki, 2002-2012-ci ilədək Fındıq Emalı zavodunu inkişaf etdirməyə çalışıb: "Məni çağırıb dedilər ki, regionların inkişafı ilə əlaqədar konsepsiya ilə bağlı mütəxəssis kimi nə iş görülə bilər? Mən də fındıq sahəsini təklif etdim. Beynəlxalq Bank tərəfindən bunun üçün kredit ayrıldı. Cahangir Hacıyev 10 milyon dollar kredit ayırdı, bunun hesabına Xaçmaz, Oğuz və Balakəndə fındıq əkmək üçün 100, 200 və 300 hektar torpaq sahələri alınmışdı".

Proses avqustun 29-da davam etdiriləcək.