Hillari Klinton niyə müxalifətlə görüşmədi?
Hillari Klinton niyə müxalifətlə görüşmədi?
Politoloqlar ABŞ dövlət katibinin atdığı addımı şərh ediblər

ABŞ dövlət katibi Hillari Klintonun region dövlətləri çərçivəsində Azərbaycana səfərindən bir müddət keçsə də səfər ətrafında söz-söhəbətlər səngimək bilmir. Politoloqlar xanım Klintonun Azərbaycanda keçirdiyi görüşlər haqqına danışaraq onun səfərini şərh ediblər. :
Millət vəkili Asim Mollazadə: "ABŞ diqqəti ilk növbədə bölgədəki münaqişələrin həllinə yönəlib. Çünki hazırda Ermənistanın təcavüzkar siyasəti bölgənin stabilliyinin və inkişafının qarşısını alır və ABŞ Azərbaycanla eyni antiterror koalisiyasında olduğuna görə, bu istiqamətdə ABŞ-ın ciddi addımların atılmasını gözləyirik. Ermənistan və onun havadarları bölgədə sabitliyi pozmaq istəyirlər. Ermənistanın son vaxtlar aqressivliyi və İrandan diqqəti yayındırmaq üçün bölgənin sabitliyinin və inkişafın qarşısını almağa yönəlmiş siyasət yönəldir. Buna qarşı ABŞ ciddi addımlar atmalıdır. Hillari Klintonun ölkəmizdə Vətəndaş Cəmiyyətinin üzvləri ilə görüşməsinin səbəbi bu ölkənin Azərbaycanda demokratiyanın inkişafı və islahatlarda maraqlı olması ilə bağlıdır".
Politoloq Rasim Ağayev isə hesab edir ki, onu narahat edən bir məqam var ki, Hilları Klinton Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanda insan haqqları haqqında danışdı. "Hillari Klinton Azərbaycanda Bəxtiyar Hacıyevlə görüşməklə bir jest etdi. Bildiyiniz kimi həmin şəxs yeni təfəkkür, yeni müxalif nəslin nümayəndəsidir. ABŞ dövlət katibinin ölkəmizin yaşlı müxalifət nümayəndələri ilə deyil, məhz Bəxtiyar Hacıyevlə görüşməsi o deməkdir ki, ABŞ böyük dövlət kimi üstünlüyü gələcəyə verir. Çalışır ki, Azərbaycanda siyasi mübarizəni müasir çərçivəyə salsın. Müxalif liderlərilə görüşməməsi onu da göstərir ki, H.Klinton çalışır ki, Azərbaycan rəhbərliyi ilə yaxşı münasibət saxlasın".
Millət vəkili Mübariz Qurbanlının fikrinc. Hillari Klintonun Azərbaycana və bütövlükdə bölgəyə səfəri bu ərazidəki mövcud olan bu və digər problemlərin həllinə müsbət təsir göstərəcək. "Çünki Amerikanın bugünki dünyada təsir imkanları başqalarına nisbətən daha çoxdur. Bizim üçünsə ən önəmlisi odur ki, ABŞ dövlət katibi İlham Əliyevlə görüşündə 1 nömrəli məsələ kimi Dağlıq Qarabağ münaqişəsinin müzakirə edibdir. ABŞ dövlət katibi Qarabağ məsələsi ilə əlaqədar ABŞ-ın yeni təkliflə çıxış etdiyini bildirib. Məhz bu çıxış fonunda Azərbaycanın xarici işlər naziri ilə Ermənistan xarici işlər nazirinin Parisdə görüşü gözlənilir. Klintonun səfəri ABŞ Azərbaycan ikitərəfli əlaqələri fonunda da əhəmiyyətlidir. Bu səfərdə Klintonun müxalifət liderləri ilə yox. Vətəndaş Cəmiyyəi nümayəndələri ilə görüşdü. Bunun səbəbi isə ABŞ dövlət katibi səfər çərçivəsində Azərbaycan hakimiyyəti ilə ciddi məsələləri müzakirə eməsi ilə bağlıdır. O ki, qaldı müxalifətin radikal qanadı ilə görüşməməsi bu bir göstəricidir. Bu bir də onu deyir ki, ABŞ radikal qanadı hansısa bir formada müdafiə etmir və radikallığı dəstəkləmir. Həm də onların Azərbaycan cəmiyyətində necə zəif mövqe tutmalarını bilir və ona görə də görüşə siyasi ehtiyac duymayıb".