"Evrika" düşesləri də saxta çıxdı
"Evrika" düşesləri də saxta çıxdı

Sərinləşdirici içkilərin etiketlərində məhsulun xaricdə istehsal olunduğu barədə istehlakçıya yanlış təəssürat yaradan sözlər qeyd olunub

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində "Aslan" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Evrika" əmtəə nişanlı düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, habelə sərinləşdirici içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar barədə məlumatın göstərilmədiyi aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bundan başqa, yoxlama zamanı albalı və şaftalı nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan "Twitter"cherry nectar, "Omega" cherry nectar, "Goldstar" peach nectar, "Gold star" cherry nectar sözlərinin qeyd olunduğu müəyyən edilib.
Qanun pozuntuları ilə əlaqədar, düşes və tərxun sərinləşdirici içkilərinin, albalı və şaftalı nektarlarının istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən "Aslan" MMC-yə icrası məcburi göstəriş verilib.