Dövlət bir sərəncamla internatda böyüyən kimsəsiz uşaqları yaşayış yeri qayğısından azad etdi

Ötən ilə qədər onlar yaşları 18-ə çatan kimi, boya-başa çatdıqları internat evini tərk edib özlərinə yaşamaq üçün ev axtarışına çıxırdılar. Sərbəst həyata yenicə atılan "atılmışlar"ın arasında öz ayaqları üzərində durmağı bacaranlar da olurdu, büdrəyib yıxılanlar da. Həyatda onlara dəstək vermək üçün kimsələri olmadığından, kimisi yaşamaq üçün özünə kiçik mənzil kirayələyirdi, kimisi də...
Bəli, kimisi də məhz yaşamaq üçün yeri olmadığından müxtəlif cinayətkar qrupların, insan alverçilərinin belə tələsinə düşə bilirdi. Amm ötən ildən onların həyatı üçün çox önəmli bir qərar verildi. Dövlət uşaq evlərində, internatlarda böyüyüb boya-başa çatan kimsəsiz uşaqları yetkinlik yaşına çatdıqdan sonra da tək qoymamaq, onlara dəstək olmaq üçün "Məzun evi" Sosial Müəssisəsinin yaradılması barədə qərar verdi. Hətta ötən gün o "Məzun evi"nin iki sakini dünya evinə də qədəm basdılar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsində mənzillə təmin olunan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərdən Nuranə Cabbarova ilə bu təbəqədən olan digər gənc Ənvər Pənahinin toy mərasimi təşkil edildi. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum, kimsəsiz məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu yaşayış binasına köçürülən hər bir məzuna lazımi məişət avadanlıqları ilə təmin olunmuş bir mənzil təqdim olunub. Gənclərdən 35 nəfəri elə müəssisənin özündə fəaliyyət göstərən kafedə, bərbərxanada, ticarət salonunda, stolüstü oyunlar və internet zallarında, camaşırxanada işlə təmin ediliblər. Müəssisənin Nizamnaməsinə əsasən, orada yaşayan gənclər ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları vardır və binada mənzillə təmin olunan gənclərdən 20 nəfəri buraya öz ailə üzvləri ilə birgə köçürülüb. Yeni qurulan ailə də nəzərə alınmaqla artıq buradakı gənc ailələrin sayı 21-ə çatır ki, onlardan 16 ailədə 12 uşaq var. Nuranə Cabbarovanın ailə qurduğu Ənvər Pənahi də hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 18 yaşı tamam olduqdan sonra dövlət uşaq müəssisəsini tərk etmiş gənclərdən biridir. Bundan sonra o da həyat yoldaşı Nuranə Cabbarova ilə birgə "Məzun evi"ndə yaşayacaq. Bəs görəsən "Məzun evi"nə internatda böyüyərək məzun olan gənclər hansı şərtlərlə qəbul olunur?
"Məzun evi"ndən bildirdilər ki, ümumiyyətlə bu sosial müəssisədə hər şey Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" nin nizamnaməsinə uyğun olaraq tənzimlənir. Belə ki, bu Nizamnamə Mülki Məcəllənin, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna, Mənzil Məcəlləsinə əsasən hazırlanıbdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsinin fəaliyyətini tənzimləyir. Müəssisə - milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir. Bu müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, Xidmətin vahid sisteminə daxildir. Müəssisə öz fəaliyyətində ölkə Konstitusiyasını, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanununu, ölkə baççısının fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ƏƏSMN-nin əsasnaməsini və qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Xidmətin əmrlərini, həmçinin bu Nizamnaməni rəhbər tutur. Bu Müəssisə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə yaradılıbdır. Qeyri-kommersiya hüquqi şəxsdir, müvafiq xəzinə hesabına, üzərində dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştampa və digər rekvizitlərə malikdir. Müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır. Müəssisənin əsas vəzifələrinə gəldikdə, bura nizamnaməyə uyğun olaraq məzunları qəbul etmək, valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları yaşayış sahəsi ilə təmin etmək, yaşayış sahələrini məişət avadanlıqları və inventarlarla təmin etmək, yaşayış sahələrinin su, qaz, istilik və elektrik təchizatı sistemlərinin normal işləməsini təmin etmək, daxili intizam qaydalarına riayət olunmasını təmin etmək, məzunların şəxsi və ailə həyatına dair məlumatların konfidensiallığını təmin etmək, sanitariya-gigiyena və əks-epidemik norma və qaydalarına riayət olunmasını təmin etmək daxildir. Həmçinin müəssisədə yanğından mühafizə, əməyin mühafizəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işləri həyata keçirmək, ödənişli məişət və ictimai iaşə xidmətləri göstərilməsi də bu qaydalara daxildir. Müəssisənin hüquqlarına gəlincə, bura öz fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək,burada yaşayan məzunların işlə və daimi yaşayış yeri ilə təmin olunması istiqamətlərində tədbirlər görmək, bu məqsədlə hüquqi və fiziki şəxslərə müraciət etmək, müəssisənin daxili intizam qaydalarını müəyyən etmək, müəssisəyə qəbul edilmə və müəssisədən çıxarılma aiddir. Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla, qəbul edilirlər. Qaydaya əsasən Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıdakı məzunlardan Müəssisəyə qəbul üçün isə, şəxsiyyəti təsdiq edən sənədin surəti, dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış, sağlamlıq haqqında tibbi arayış sənədlər tələb olunur. Sənədlərə Xidmət tərəfindən 10 (on) iş günü müddətində baxılaraq, məzunlara Müəssisədə yaşayış sahəsinin verilməsi və ya yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ətrafdakılara təhlükə yaradan yoluxucu xəstəliklərin daşıyıcısı olduqda məzuna yaşayış sahəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir. Yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Xidmətlə məzun arasında yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır. Müqavilə müddət göstərilmədən bağlanılır. Məzunun əvəzsiz istifadəyə götürdüyü yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüququ yoxdur. Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulub. Müqaviləyə vaxtından əvvəl mənzil müqavilənin şərtlərini pozmaqla istifadə edildikdə, mənzil üçüncü şəxslərin istifadəsinə verildikdə,məzunun səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən mənzil mühüm təhlükəyə məruz qaldıqda, mənzili əvəzsiz istifadəyə götürmüş subay məzun vəfat etdikdə,. məzun daimi yaşayış sahəsi əldə etdikdə, müəssisənin direktoru tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisənin daxili intizam qaydalarını ay ərzində təkrar pozduqda hallarda xitam verilir. Müəssisədə yaşayan məzunların hüquqları və vəzifələrinə gəldikdə, bura sanitariya-gigiyena tələblərinə cavab verən yaşayış sahəsi ilə-təmin-olunmaq, hüquq və vəzifələri barədə Müəssisə rəhbərliyindən məlumat almaq, hüquqlarının təmin edilməsi ilə bağlı məsələlərə dair Müəssisə rəhbərliyinə müraciət etmək, Müəssisədə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşayış yeri üzrə qeydiyyata düşmək, ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək daxildir. Məzunların vəzifələri isə daxili intizam qaydalarına riayət etmək, yaşayış sahəsinin yararlı vəziyyətdə saxlanılmasını təmin etmək, əvəzsiz istifadəyə götürülmüş yaşayış sahəsi üzrə kommunal xərcləri vaxtında ödəmək, yanğın təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl etmək daxildir. Müəssisəyə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 (altı) ay müddətində Müəssisə tərəfindən ödənilir. Müəssisədə məskunlaşmış dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə Müəssisə tərəfindən ödənilir .