Bəşər Əsədin qəddarlığının üstünə əxlaqsızlıq da əlavə olundu
Bəşər Əsədin qəddarlığının üstünə əxlaqsızlıq da əlavə olundu

Suriya diktatorunun əsgərləri yüzlərlə qadını zorladı, onun
uşaqlardan isə canlı qalxan kimi
istifadə etdiyi ortaya çıxdı

Suriyada Kofi Annanın sülh planının yerinə yetirilməsinə nəzarət edən BMT müşahidəçiləri ötən ay 78 dinc sakinin qətlə yetirildiyi Hama şəhərinin Əl-Kübeyr kəndinə gedib. Onlar dünya ictiamiyyətinin Hula qətliyamını pislədiyi vaxt baş verən Hama qətliyamını da təsdiqləmək məqsədilə kəndə baş çəkiblər.

BMT müşahidəçilərini Əl-Kübeyrdə öldürülənlərin yaxınları müşayiət edib. Müşahidəçilər kənddən ağır yanıq qoxusunun gəldiyini, lakin faciəyə şahid olan heç kimi tapa bilmədiklərini bildiriblər. Onlar kənddəki evlərin güllə, raket və əl qumbaraları ilə dəlik-deşik olduğunu bildiriblər.
Müşahidəçi qrupu Əl-Kübeyrdə sakinləri kütləvi şəkildə kimin öldürdüyünü və ölü sayını dəqiqləşdirmək üçün bir müddət həmin ərazidə işləyəcək.

Diktator əsgərlərindən misli görünməmiş əxlaqsızlıq!

"Homs şəhəri xarabalığa çevrilib, hökumət qüvvələri kimyəvi silahdan belə istifadə edirlər, yüzlərlə qadın əsgərlər tərəfindən zorlanıb". Qərb KİV-lərinin məlumatına görə isə, bu dəhşətli faktları İsrail dövlət radiosu yayıb.
İordaniyada sığınacaq tapan suriyalı qaçqınlara istinadən xəbər yayan radionun məlumatında o da deyilir ki, dinc əhaliyə qarşı kimyəvi silah tətbiq edilir, ölənlərin sayı deyildiyindən çoxdur. "Şəhər aviasiya və artilleriyadan müntəzəm atəşə tutulur, hər yan dağılıb" - deyə, qaçqınlar bildiriblər.

Əsəd qüvvələri qiyamçılara qarşı zorakılığı artırır

Dünən günün ikinci yarısında gələn məlumatlarda da bildirilib ki, Suriyada vəziyyət gərgin olaraq qalır. Dünən hökümət qüvvələrinin Homs və İdlib şəhərlərində qiyamçılara qarşı əməliyyatların kəsərini artırıb. Artilleriya bombardmanından başqa hərbi hellikopterlər də işə salınıb. Srağagün baş vermiş toqquşmaların ölkə ərazisində azı 50 nəfərin həyatına son qoyduğu xəbər verilir.
BMT Müşahidə Missiyasının sözçüsü Sausan Goşi son mətbuat konfransında Rəstan və Talbisə qəsəbələrində güclü atışmaların getdiyi xəbərini təsdiqləyib. Sözçü təmsil etdiyi qurumun münaqişənin dərinləşməsindən narahat olduğunu çatdırıb.
BMT müşahidəçiləri Rəstan və Təlbisədə güclü atışmaların yer aldığını xəbər verir. Onlar ağır artilleriya və minaatanlardan savayı, döyüş helikopterlərinində ordu tərəfindən tətbiq edildiyini bildirir. Bundan başqa missiya Azad Suriya Ordusunun Ordu qüvvələrində xidmət edən bir neçə əsgəri əsir götürdüyünü xəbər verib.
Atəşkəs razılmasına rəğmən qarşıdurmanın genişlənməsi, BMT-Ərəb Liqası xüsusi nümayəndəsi Kofi Annan tərəfindən tənqidlə qarşılanıb. Bəyanatda Anan hökümət qüvvələri ilə müxalif qüvvələr arasında döyüşlərin kəsərinin artığını məlumatlandırır.

Diktator uşaqlardan canlı
qalxan kimi istifadə edir

Suriyada uşaqlardan canlı qalxan kimi istifadə edilir. Uşaqları həbs edir, işgəncə verirlər. Bu haqda isə BMT-nin Uşaqlar və Silahlı Münaqişələr Təmsilçiliyinin yaydığı hesabatında məlumat verilir.
Hüquq müdafiəçilərinin məlumatına görə, keçən il martından Suriyada 1200 uşaq həlak olub. Bu il martın 9-da İdlib əyalətindəki Aynel-Aruz kəndi darmadağın olub. Hökumət qoşunları kəndi mühasirəyə alıb. Kənd dörd gün mühasirədə qalıb. Uşaqlardan isə canlı qalxan kimi istifadə edib.
BMT-nin silahlı münaqişələrdən əziyyət çəkən uşaqların işi üzrə nümayəndəsi Rahika Coomarasvamiy bildirib ki, "uşaqlara işgəncə verilməsi ilə bağlı şahid ifadələri var. Bundan başqa tankların atəş açmaması üçün onlardan qalxan kimi istifadə olunması haqqında da uşaqların ifadələri var".
Hesabatda bildirilir ki, bəzi uşaqlar gözləri bağlı elektrik kabelləri ilə döyülüb, siqaretlə yandırılmaqla qorxudulub, sorğu-sual zamanı elektroşoka məruz qalıb.
Rahika Coomarasvamiy Suriyada silahlı müxalifətin uşaqlardan əsasən sanitar kimi istifadə etdiyini də bildirib.
BMT-nin baş katibi Pan Ki Mun isə hesabatla bağlı bildirib ki, "bu, uşaqlara qarşı törədilən ciddi cinayətlərin sübutlarıdır".

Əsədin muzdlu
qatilləri ifşa dildi

İngiltərənin "Daily Mail" qəzeti isə Suriyada iki həftə əvvəl Hula qəsəbəsində 108 nəfəri vəhşicəsinə öldürdükləri iddia edilən Şebbiha milis qruplaşmasının üzvlərinin fotolarını yayımlayıb. Ffotolarda Şebbiha təşkilatının üzvü olan Erin əl Əsədin qolunda prezident Bəşər Əsədin döyməsi daha çox diqqət çəkir.
Qəzet "Ruh" adı verilən və günü 350 lirəyə işləyən Şebbiha üzvlərinin AK-47 avtomatları ilə Əsəd rejiminin qanlı sifarişlərini yerinə yetirdiklərini bildirib.
Londonda yaşayan Suriya İnsan Haqları Təşkilatının üzvü Musab Azzavi həmin şəxslərin nəhəng insanlar olduğunu, əzələlərini şişirtmək üçün dərmanlardan istifadə etdiklərini deyib.
Qəzetə açıqlama verən digər mənbə isə onların əsas məqsədinin xalqa qarşı terror törətmək və etnik təmizlik aparmaq olduğunu deyib.

Bəşər Əsəd "dəhşətli
taktikalar" hazırlayır?

Bu arada Vaşinqtonda departament sözçüsü Viktoriya Nuland Bəşər Əsəd hökümətini yeni - "dəhşətli taktikalar hazırlamaqda" ittiham edib. Nuland deyib ki, BMT müşahidəçilərinin girişinin tez-tez əngəllənməsi Latakiya vilayətində hökümətin növbəti qətliamı törədə biləcəyindən xəbər verir.
Mətbuat konfransında Nuland haşiyə çıxaraq, Suriya hökümətini Bosniya hadisələrini xatırlamağı məsləhət bilib.
İsrail ordusunun baş qərargah rəisinin müavini Yair Nevah isə Suriyanın əlinə imkan düşən kimi İsraili vuracağını söyləyib. Nevah hazırda Suriyada dünyanın ən böyük kimyəvi silah bazasının olduğunu bildirib.
İki həftə əvvəl "Haaretz" qəzeti Əsəd rejiminin devrilməsindən sonra bu kimyəvi silahların başqalarnın əlinə keçməməməsi üçün müxalifət qüvvələrinin səy göstərdiklərini yazmışdı.
Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya qarşı hərbi müdaxiləyə icazə verən istənilən qəranına veto qoyacaq. Bunu isə Moskvada Suriya məsələsinə dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan edib.
"Suriya hazırda vətəndaş müharibəsinin astanasındadır. Ancaq Rusiya olaraq, BMT-nin Təhlükəsizlik Şurasından Suriyaya hərbi müdaxiləyə yol verəcək qərarlara icazə verməyəcəyik və onlara veto qoyacağıq. Çünki bu qərar bütün Yaxın Şərqdə ölümcül nəticələrə səbəb ola bilər. Suriyada hakimiyyət dəyişikliyi üçün hərəkətə keçən dünya ictimaiyyəti eyni zamanda müxalifəti və silahlı qruplaşmaları dəstəkləyir. Xarici qüvvələr Liviyadakı ssenarini Suriyayda təkrarlamaq istəyir. Amma nəticə həmişə eynidir - insanlar ölməyə davam edir. Suriya məsələsindəki mövqeyimiz dəyişməyəcək", - deyə Rusiya xarici işlər naziri deyib.

Kənan Rzaquliyev