Dünya müsəlmanları çətin sual qarşısında
Dünya müsəlmanları çətin sual qarşısında


Ramazanda olimpiada: oruc tutmalı, yoxsa təxirə salmalı?

2012-ci ilin London Yay Olimpiadasında iştirak edəcək 3000 müsəlman idmançı dilemma qarşısında qalıb: builki orucu tutmalı, yoxsa pozmalı?

İyulun 27-dən avqustun 12-ə qədər davam edəcək olimpiadanın 17 günü tamamilə müsəlmanların müqəddəs Ramazan ayına düşür. Həmin ayda müsəlmanlar oruc tutur, günün işıqlı vaxtında yemək yemir, su içmirlər. Amma İslama görə, səfərdə olan müsəlmanlar oruclarını başqa vaxta keçirə bilərlər. Bəzi İslam alimləri deyirlər ki, Londona, olimpiadaya gedən müsəlman idmançılar oruclarını başqa vaxta keçirə bilərlər.

"Ac qalmamalıyıq"

27 yaşlı əfqan taekvandoçu Nəsar Əhməd Bahaşi də yarışlar gedən dövrdə orucunu təxirə salacağını deyir: "Çox vacib yarış olacaq. Olimpiya medalı qazanmaq hər bir idmançının arzusudur. Buna görə də biz ac qalmamalıyıq. Amma sonradan eyni sayda gündə oruc tutmaqla borcumuzu ödəyəcəyik. Çünki biz hər gün məşq edirik. Yarış gedən günlərdə oruc saxlamaq mümkün deyil, ən azı su içmək zəruridir".
Amma Səudiyyə Ərəbistanı, İran kimi bəzi mühafizəkar ölkələrin olimpiya komitələri idmançılardan oruc tutmağı tələb edə bilərlər. Bu cür ölkələrdə orucun təxirə salınması yaxşı qəbul olunmur.

Əsas məsələ oyunların
harada keçirilməsidir

İslam alimi Siddiqullah Fədayi isə bildirir ki, "Quran" səfərdə olan müsəlmanların orucu başqa vaxta təxirə salmalarına icazə verir: "Burada əsas məsələ oyunların harada keçirilməsidir. Oyunlar idmançıların öz ölkələrində yoxsa başqa dövlətlərdə keçiriləcək? Yarış idmançının öz ölkəsində deyil, başqa bir yerdə keçirilirsə, ondan "Quran"da belə yazılır: "Xəstəsənsə, yaxud səyahətdəsənsə, orucunu başqa vaxta keçir".
Həkimlər də deyirlər ki, ac qalmaq idmançıların imkanlarını zəiflədə bilər.
Britaniyada çap olunan "Sports Medicine" jurnalının məlumatına görə, 2007-ci ildə Əlcəzairdən olan iki futbol komandası üzərində sınaq aparılıb. Ramazan ayında oruc tutan idmançıların sürətlərində, çevikliklərində çox böyük ləngimələr olduğu aşkar edilib.

Bəlkə olimpiada başqa
vaxta keçirilsin?

Beynəlxalq Olimpiya Komitəsinin qidalanma qrupunun rəhbəri Ronald Mugan bildirir ki, London Olimpiadasının vaxtı və yeri az qala 10 il əvvəl müəyyən edilib: "Əlbəttə, bu, çox ciddi məsələdir. Komitə hər hansı idmançının əlverişsiz vəziyyətdə qalmasını istəməzdi. Oyunların vaxtı çoxdan təyin edilib. Amma hələlik bu vaxtların hansısa idmançılara münasib olmaması barədə hər hansı müraciət daxil olmayıb".
Olimpiya Komitəsinin məlumatına görə, onlar Londonda oruc tutan idmançılar üçün də şərait yaradıblar. Belə idmançılar həm oruclarını acmaq, həm də səhər erkən gün çıxmamış yeməklərini yemələri üçün hər cür şəraitə malik olacaqlar.
Murad İbrahimli