Bu gecə Bakıda baş vermiş dəhşətli yol qəzasında bir ailədən 3 nəfər vəfat edib. 

Unikal.org-un Lent.az-a məlumatına görə, Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində "QazEL" və "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində, "QazEL"in sürücüsü, 1955-ci il təvəllüdlü Rzayev Pirican Əlif oğlu və sərnişinləri, sürücünün oğlu - 1992-ci il təvəllüdlü Rzayev Sahib Pirican oğlu ilə sürücünün yeznəsi, 1976-cı il təvəllüdlü Qəhrəmanov Elşad Qəni oğlu vəfat edib. "QazEL"in kuzasında olan Qədirov Tacəddin Mehralı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və maşınla cücə daşıyırmış. Gecə saatlarında Zığ qəsəbəsində kubiklə dolu "KamAZ" yoxuşa çıxa bilmədiyindən yolun hərəkət hissəsində dayanıb. Nəticədə arxadan gələn "QazEL" həmin yük maşınına çırpılıb. "KamAZ"dakı kubiklər "QazEL"in üstünə tökülüb və maşının qarşı tərəfində oturaq halda vəfat edən şəxslərin cəsədlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.

Artıq "KamAZ"ın sürücüsünün kimliyi müəyyənləşdirilib. Bu, 1958-ci il təvəllüdlü Məlikov Əlikram Əlibala oğludur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

xxxx

Bakı şəhəri, Suraxanı rayonunda "Qazel" markalı yük avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:51-də başa çatıb.