Bu kateqoriyadan olan vətəndaşlarımız dövlətin qayğısı ilə tam əhatə olunub

Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Millət vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi xüsusi diqqət və qayğı əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlillərin də sosial müdafiəsinin mütəmadi olaraq gücləndirilməsinə imkan yaradır.
Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə, sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən isə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən edilir.
Gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakıda və bölgələrdə gözdən əlillər üçün yaşayış binaları tikilib istifadəyə verilib. Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub.
ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, cari ilin ötən dövründə nazirliyin sifarişi ilə "Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması" layihəsinin icrasına başlanılıb. Eyni zamanda, nazirliyin sifarişi ilə "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır.
Belə işlərdən biri ölkəmizdə yeni bir addım kimi 13 noyabr 2014-cü il tarixdə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Qaraca qız" filmi və "Tıq-tıq xanım" cizgi filmi sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri, kadr dəyişikliyini və s. tamaşaçıya sözlər vasitəsi ilə çatdırma) təqdim olunub
Ümumilikdə isə ötən illər ərzində bir sıra mühüm layihələrə imza atılmış, dövlət səviyyəli tədbirlər həyata keçirilmişdir.
Layihə çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə "Şərikli çörək" bədii filminin tiflo və surdo-tərcüməsi hazırlanmış və təqdimatı olmuşdur. Bu sahədə daha bir uğur isə Bakı I saylı Tibb Kollecində görmə imkanları məhdud şəxslər üçün idman və müalicəvi massaj fakultəsinin açılışı olmuşdur. 2014-2015-ci tədris ili üçün 12 nəfər görmə imkanları məhdud şəxs adı çəkilən Tibb Kollecinə qəbul olunmuşdur. Respublika Baş Məşğulluq idarəsinin dəstəyi ilə Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətində kompüter, ingilis dili və toxuculuq kursları təşkil edilmişdir. Kurslara 70 nəfər gözdən əlil vətəndaş cəlb edilmişdir.
Bundan başqa, Avropa komissiyasının dəstəyi ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatı ilə birgə "İncəsənət fəaliyyətdə" layihəsi həyata keçirilmişdir.
Çoxsaylı müraciətlərə əsaslanaraq görmə imkanları məhdud şəxslər üçün "Görmə imkanları məhdud Şahmat və Damaçılar Federasiyasının" mərkəzi ofisi və oyun zalı açılmışdır.
Bu layihələrlə bahəm Az GƏC bir sıra dünya miqyaslı tədbirlərə də imza atmışdır. Belə ki, Az GƏC-in təşəbbüsü ilə Türkiyə, Azərbaycan əlillərinin dostluq günü münasibəti ilə Bakı Biznes Mərkəzində konfrans keçirilmişdir. Konfransda Cəmiyyətlərarası münasibətlər, gələck perspektivlər və icra ediləcək birgə layihələr müzakirə edilmişdir.
Bir müddət öncə isə For Seazon otelində Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə birgə keçirilən tədbir Mərakeş müqaviləsinin müzakirəsinə həsr olunmuş "Dərc olunmuş əsərlərə kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün çatımlılığının təmin edilməsi" mövzusunda konfrans keçirilmişdir. Konfransda Cəmiyyətin səlahiyyətli nümayəndələri iştirak etmiş və Cəmiyyət rəhbərliyi bu mövzuda geniş çıxış etmişdir.
Respublikamızda tikilən və Qafqazda analoqu olmayan Reabilitasiya Mərkəzi bütün gözdən əlil vətəndaşların istifadəsinə veriləcək ən mükəmməl və məhz gözdən əlillər üçün xüsusiləşdirilmiş məkana çevriləcək. Ən böyük fəaliyyət isə gözdən əlil vətəndaşların mənzil probleminin həlli istiqamətində aparılan işlərə yönəldilmişdir.
Bundan əlavə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə çap edilmiş Qurani-Kərimin təqdimatı keçirilib.
Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, millət vəkilləri Siyavuş Novruzov və Fazil Mustafa, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Türkiyə səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi, DQİDK-nın sədr müavinləri və şöbə müdirləri, QHT rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, bu gün ölkəmizdə İslam dininə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini bildirib. Komitə sədri Azərbaycanda ilk dəfə brayl əlifbası ilə çap edilmiş Qurani -Kərimin möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına nəşr edildiyini deyib. Görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün brayl əlifbası ilə hazırlanan Qurani -Kərimin 7 cilddə çap edildiyini vurğulayan Komitə sədri, bu təşəbbüsün vətəndaşların mənəvi zənginliyinin təmin edilməsi baxımından çox gərəkli olduğunu deyib. Qurani-Kərimin görmə qüsurlular üçün çap edilməsi sosial layihədir və bu layihələr davamlı olaraq həyata keçiriləcək.
Gözdən əlillərin sosial müdafiəsi məqsədilə sadalanan bu tədbirlər isə respublikamızda həyata keçirilən bütün təbdirlərin tam siyahısı deyil. Azərbaycan dövləti bütün vətəndaşlarının, o cümlədən görmə qabiliyyətində problemlər olan vətəndaşlarının sosial müdafiəsi tədbirlərini hər zaman diqqətdə saxlayıb. Azərbaycanın bu sahədə həyata keçirdiyi uğurlu layihələr isə digər bölgə dövlətləri üçün də örnək sayıla bilər.