22 Oktyabr 2019
21 Oktyabr 2019
Əli İnsanovun elektoratı uğrunda mübarizə
Əli İnsanovun elektoratı uğrunda mübarizə İQTİSADİYYAT 12:41 2012-06-14

Əli İnsanovun elektoratı uğrunda mübarizə
Əli İnsanovun elektoratı uğrunda mübarizə
Müxalifət sabiq nazirin təsir imkanlarına sahib olmaq üçün oyun qurub

Qarşıdan gələn prezident seçkiləri yaxınlaşdıqca müxalifət bütün mümkün imkanlardan istifadə etməyə çalışır. 2013-cü il seçkilərinin onlar üçün son şans olduğunun fərqinə varan müxalifət düşərgəsi ölkədə elektoratı olan bütün şəxslərin diqqətini çəkmək üçün müxtəlif kampaniyalar təşkil edirlər. Artıq xeyli vaxtdır üzərində baş sındırılan bir məsələ isə dünən reallaşıb.
Məlum olub ki, İctimai Palata və ondan kənardakı bütün siyasi qüvvələr sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovla bağlı kampaniyaya start veriblər. Həmin kampaniyanın başlanğıcı isə Avropa Məhkəməsi və onun sədrinə müraciətlə diqqəti çəkib. Belə ki, başda İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov olmaqla digər siyasət səhnəsində olanlar sabiq nazirə özlərini "şirin satmaq" üçün Avropa Məhkəməsinə göndərdikləri müraciətlərində xahiş ediblər ki, "Əli İnsanovun pozulan hüquqlarının müdafiəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətinə yubadılmadan baxılmasına köməyinizi əsirgəməyəsiniz".
Qeyd edək ki, Əli İnsanov Qərbi Azərbaycan əyalətindən olan insanlar arasında xüsusi hörmətə və nüfuza malikdir. Bəzi hallarda isə sabiq naziri Qərbi azərbaycanlıların lideri və ağsaqqalı kimi təqdim edirlər. Əslində, deyilənlərdə həqiqət yükü çoxdur. Çünki keçmiş nazir həqiqətən də qeyd olunan elektoratın başında dayanan fiqur kimi qəbul edilir. Həmin elektorat isə hansı siyasi qüvvənin yanında olarsa, onun seçkilərdə ciddi nəticələr əldə etməsi şübhəsizdir.
Bildirək ki, buraxdığı ciddi səhvlər üzündən həbsə düşən Əli İnsanov hakimiyyətin də diqqət mərkəzində olub. Lakin həbsdə olduğu müddət ərzində nəzarətində olan bütün qüvvələrin parçalanması və bəzilərinin isə ondan üz döndərməsindən sonra iqtidar onunla bir o qədər əhəmiyyətli fiqur kimi davranmır. Çünki Qərbi azərbaycanlılar arasında əvvəlki nüfuzu qalmayan birinin təhlükə mənbəyi ola bilmə ehtimalı xeyli aşağıdır. Digər tərəfdən isə Əli İnsanov günü sabah azadlığa çıxarsa, siyasi fəaliyyətlə məşğul olması imkansızdır. Yəni sabiq nazir istəsə belə köhnə elektoratı ətrafına cəmləmək gücündə deyil.
Müxalifətin atdığı addımlara gəldikdə isə onlar "suda batanın saman çöpündən yapışması" görüntüsünü yaradırlar. Faktiki olaraq, cəmiyyətdə heç bir nüfuzu olmayan İctimai Palata və digər qüvvələr bütün vasitələrdən yararlanıb, gündəmdə qalmaq, seçkilərə qatılmaq və tərəf olmaq istəyirlər. Son mitinqlər də təsdiqlədi ki, müxalifət hər nə qədər iddialı olsa da, gücü yetərli səviyyədə deyil. Hətta bunu belə də izah etmək mümkündür ki, xalq müxalifəti dəstəkləmir və dəstəkləmək fikrində də deyil.
Eyni zamanda, nəzərə alaq ki, müxalifət düşərgəsi qarşıdan gələn seçkilərdə təkcə Əli İnsanovun deyil, həmçinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də dəstəyini qazanmaq üçün canfəşanlıq edəcək. Daha doğrusu, həbsdə olan keçmiş nazirin adamlarını ətraflarına yığaraq, onların vasitəsi ilə güclənmək fikrindədirlər. Amma burada bir vacib elementi diqqətdən qaçırmaq olmaz ki, hətta Fərhad Əliyevlə Əli İnsanov müxalifətə dəstək versə belə, onların hakimiyyəti ələ keçirmək imkanı və gücü olmayacaq. Yəni müxalifət bu qüvvələrlə birləşməklə hakimiyyətə iddia etməklə nəticə əldə etmək iqtidarında deyil. Ona görə ki, bu gün ölkədə hakimiyyəti dəstəkləyən qüvvələrin sayı həddindən artıq çoxdur və zaman içində həmin güc daha da artmaqdadır.
Hərçənd Əli İnsanovu dəstəkləyənlər arasında elələri də var ki, onları sabiq nazirin azadlığa buraxılmasından daha çox, şəxsi maraqları düşündürür. Belə ki, həmin şəxslərin əsas hədəfi Əli İnsanovun maliyyə imkanlarından yararlanmaqdır. Necə ki, onun həbsindən sonra bu imkanlara qismən də olsa əlləri dəymişdi. İndi isə damaqlarında qalan həmin dadın bir daha təkrarlanmasına çalışırlar.
Fuad Əliyev