22 Oktyabr 2019
21 Oktyabr 2019
İsraildən Türkiyəyə "erməni soyqırımı" mesajı
İsraildən Türkiyəyə "erməni soyqırımı" mesajı İQTİSADİYYAT 12:43 2012-06-14

İsraildən Türkiyəyə "erməni soyqırımı" mesajı
İsraildən Türkiyəyə
"erməni soyqırımı" mesajı

Azərbaycan Knessetdə keçirilən müzakirələrdən sonra hərəkətə keçməlidir

Məlum olduğu kimi, İsrail parlamenti (Knesset) ötən gün qondarma "erməni soyqırımı" məsələsini müzakirə edib. Bunun üçün xüsusi iclas çağıran yəhudilərin məclisi davamlı olaraq bu cür müzakirələr təşkil edəcəklərini bəyan edib. İndiyə qədər qondarma məsələni rədd edən Təl-Əvivin birdən-birə mövqe dəyişikliyi etməsinin əsas səbəbi nədir? Azərbaycan bu zaman nələr etməlidir?

Bu, Türkiyəyə cavabdır

Qeyd edək ki, xeyli müddətdir İsraillə Türkiyə arasında ciddi narazılıqlar baş qaldırıb. Davos Forumundan sonra start götürən gərginlik sonradan daha da güclənməyə başlayıb. Artıq Türkiyə özünün İsraildəki səfirini geri çağırıb və bəzi əlaqələrini kəsmək barədə qərar verib. Bunun ardından isə "Mavi Marmara" gəmisi ilə bağlı qalmaqal işləri daha da ağırlaşdırmağa başlayıb.
Ankaranın Təl-Əvivə qarşı tutduğu faktiki mövqe ən çox Fələstin münaqişəsi ilə bağlıdır. Ərdoğan hakimiyyəti Fələstində müsəlmanların qətlə yetirilməsinə qarşı çıxdığından yaşanan gərginliyi aradan qaldırmaq üçün isə ABŞ belə vasitəçilik etməyə çalışıb. Lakin indiyə qədər həyata keçirilən cəhdlərin heç bir nəticəsi olmayıb. Bu şəkildə davam edərsə, İsraillə Türkiyə arasında münasibətlər heç də yaxşılığa doğru getməyəcək.
Knessetin qondarma məsələni müzakirəyə çıxarması da məhz Türkiyəyə cavab məqsədi daşıyır. Yəhudi hökuməti bu addımı ilə Ankaraya nümayiş etdirmək istəyir ki, onlar istənilən vaxt ermənilərə dəstək verə bilərlər. Eyni zamanda, Təl-Əviv demək istəyir ki, əgər erməniləri dəstəkləsə, dünyadakı yəhudi lobbisi də bunun izindən gedərək Türkiyəni çətin vəziyyətə sala bilər.
Amma bu o qədər də inandırıcı deyil ki, İsrail "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etsin və onu tanısın. Çünki İsrail hakimiyyəti o qədər də ağılsız deyil və nələrin baş verdiyini yaxşı bilirlər. Yəni Təl-Əviv anlayır ki, bölgədə Türkiyəsiz hərəkət etmək bundan sonrakı dönəmdə mümkünsüzdür və bu səbəbdən də Ankara ilə münasibətləri qoruyub saxlamaq lazımdır. Həmçinin yəhudi hakimiyyəti onu da yaxşı bilir ki, Ankara ilə yaxşı münasibətlər Qafqazda mövqelərin bərkiməsi üçün vacib şərtlərdən biridir.
Digər bir önəmli məsələ daha var. O da belədir ki, İsrail yəhudi soyqırımından başqa heç bir soyqırımı qəbul etmir. Xüsusən də ermənilərin iddialarını ciddiyə almır. Hətta İsrailin Ermənistandakı səfirlərindən biri bir neçə il bundan əvvəl bəyan etmişdi ki, dünyada tək gerçək soyqırım yəhudilər yaşayıblar və başqa millətlərin buna iddia etməsi mümkün deyil. Təl-Əvivin strategiyasında isə belə bir xətt var ki, dünyada məzlum, yazıq və soyqırıma məruz qalmış tək millət yəhudilərdir və ondan başqaları belə bir iddialarla çıxış edib, təsdiqləyərlərsə, onların siyasətlərinə kölgə düşə bilər. Elə bu səbəbdən də atılan son addımlar məhz Türkiyəyə mesaj göndərmək kimi başa düşüləndir.

Azərbaycan nə etməlidir?

Bildirək ki, Azərbaycanla İsrail arasında çox yüksək səviyyədə münasibətlər mövcuddur. Hərbi, siyasi, iqtisadi və sosial sahələrdə olan əməkdaşlıq isə İsrailin düşməni olan İranı dəfələrlə qıcıqlandırıb və aqressiv davranmağa məcbur edib. Azərbaycan parlamentində yəhudi əsilli deputatın təmsil olunması və İsraildə Azərbaycan diasporunun güclü olması da faktdır. Belə olan təqdirdə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deməyə əsaslar var.
Knessetin atdığı addımla bağlı Azərbaycanın tutacağı mövqe isə önəmlidir. Həm İsrail, həm də Türkiyə ilə yüksək səviyyədə olan əlaqələr fonunda Bakı barışdırıcı mövqe nümayiş etdirə bilər. Yəni rəsmi Bakı həm Təl-Əviv, həm də Ankara ilə danışaraq, onları danışıqlar masası arxasında əyləşdirə bilər. "Erməni məsələsi"nə gəlincə işə gəldikdə isə, Azərbaycan tərəfi həm İsrailin siyasi dairələri ilə təmasa keçərək, onlarla danışmalı, həm də oradakı diasporumuzu hərəkətə keçirməlidir. Çünki İsraildə qondarma "erməni soyqırımı"na dair qətnamə qəbul edilərsə, bundan təkcə Türkiyə deyil, həm də Azərbaycan ciddi zərər görəcək. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistana qarşı bütün sahələrdə müharibə aparan Bakının bu hadisədən sonra ermənilərə qarşı mübarizəsi effektivsizləcək. Ona görə də Azərbaycan hakimiyyəti birmənalı olaraq bu məsələnin həlli istiqamətində ciddi addımlar atmağa məcburdur.

"XİN hərəkətə keçməlidir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu isə baş verənlərə münasibət bildirərək qeyd edir ki, indiyə kimi Knessetdə "erməni soyqırımı" ilə bağlı heç bir qətnamə qəbul edilməyib. O, müzakirənin özünün belə ciddi işarə olduğunu deyib: "Bəzi deputatlar "erməni soyqırımı" mövzusunu Knessetdə ara-sıra gündəmə gətirdikdə bu məsələ hər zaman müzakirə olunmadan rədd edilirdi. Çünki İsrailin hakim və ana müxalifət partiyaları, parlamentin sədri və hökumət buna lüzum görmür, Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmirdilər. İndi isə tamamilə fərqli situasiya ilə üzləşdik. Knessetdə müzakirə təşəbbüsünü hakim Likud Partiyasına mənsub olan deputat irəli sürüb, parlamentin sədri isə bu təşəbbüsü dəstəkləyib və bununla da müzakirələrə yaşıl işıq yandırıb. Müzakirələrdə hakim partiyanın fraksiya rəhbəri "erməni faciəsindən" gen-bol danışıb. Doğrudur, müzakirələrin yekunu olaraq Knessetdə heç bir sənəd qəbul olunmayıb, ancaq İsrail parlamentinin erməni məsələsini gündəmə çıxarmasının özü belə ciddi işarədir. Kim zəmanət verə bilər ki, Knesset "erməni soyqrımı"nın yüz illiyinin yaxınlaşması fonunda "soyqırımı"nı tanımayacaq?"
O, hesab edir ki, İsrailin Türkiyə ilə münasibətlərdə problemləri var və Tel-Əviv "erməni soyqırımı" kartından Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
"Ancaq İsraildə anlamalıdırlar ki, onların erməni təəssübkeşliyi Azərbaycanla münasibətlərə də mənfi təsir edə bilər. Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə müdaxilə etməsinə ehtiyac var. Bakıdan Təl-Avivə açıq və ya diplomatik kanallarla belə bir ismarıc göndərilməlidir ki, Knessetəki müzakirələr Bakı ilə münasibətlərə də mənfi təsir edə bilər. Qoy, İsraildə anlasınlar ki, ermənilərin istəklərini yerinə yetirməklə Tel-Əviv yalnız Türkiyəni deyil, Azərbaycanı da qıcıqlandırır, ölkəmizlə onlar üçün vacib olan əməkdaşlğı təhlükə altına atır".

Cavid Qarabağlı