Samir Əliyev: "Bütün gedişat onu göstərir ki, manatı saxlamaq çətin olacaq

İqtisadçı ekspert Samir Əliyev Unikal.org-a müsahibəsində Azərbaycan iqtisadiyyatında yaxın günlərdə hansı proseslərin baş verəcəyi, manatın məzənnəsi və ölkənin maliyyə durumu barədə sualları cavablandırıb.

- Samir bəy, neftin dünya bazarında qiymət dəyişikliyi, dolların manata qarşı möhkəmlənməsi və son qiymət artımları fonunda Azərbaycan iqtisadiyyatının mövcud durumunu necə qiymətləndirmək olar?Картинки по запросу samir əliyev

- Azərbaycan iqtisadiyyatı uzun müddət neft gəlirlərindən asılı olub. Başqa sahədə ixrac imkanlarımız olmayıb. Neft gəlirləri 90 faizdən çox təşkil edib. Bu gəlirlər azaldığından, biz artıq ölkənin ixracının aşağı düşməsini müşahidə edirik. Bu, təkcə ixracın aşağı düşməsi deyil, eyni zamanda, ölkəyə dollar axınının kəskin azalması deməkdir. Bu da valyuta bazarında müəyyən dəyişikliklərin baş verməsinə gətirib çıxarıb. Hazırda dollar qıtlığı və ajiotajı var. Təbii ki, bunun təsiri ilə milli valyuta iki dəfə devalvasiyaya uğrayıb. Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğu üçün neftin dünya bazarında qiymətinin dəyişməsi milli valyutanın məzənnəsinə də təsir edir. Hazırda növbəti devalvasiya astanasındayıq.

-Yəni, yaxın zamanda üçüncü devalvasiya baş verə bilərmi?

-Onsuz da yay ayından başlayaraq devalvasiya baş verib. Avqustu və sentyabrı saymasaq, son üç ayda manat 10 faiz dəyərini itirib. Yəni, üç ay ərzində manat yumşaq devalvasiyaya uğrayıb. Proses bu gün də davam edir. İstənilən halda devalvasiya prosesi gedir. Sadəcə, sual odur ki, devalvasiya yumşaqdan kəskinə keçə bilərmi? Hökumət əlindən gələni edir ki, kəskin devalvasiya baş verməsin. Qarşıda Referendum seçkiləri olduğu üçün bununla bağlı kəskin addımlar atılmır. Ona görə də seçkiyə qədər hökumət əlindən gələni edəcək ki, manatın məzənnəsində kəskin dəyişiklik olmasın. Seçkidən sonra vəziyyətdən asılı olaraq qərar qəbul edilə bilər. Bütün gedişat onu göstərir ki, manatı saxlamaq çətin olacaq. Devalvasiyanın olub olmaması qərarını hökumət verir. Ona görə hər 300-400 milyon kəsir var və dollar qıtlığı yaranır. Bu kəsirlər də hansısa sahədən gələn gəlirlərlə tamamlanmalıdır. Belə olan halda hökumət Neft Fondunun ehtiyatlarından ödəyib bu kəsiri bağlaya bilər. Bu nə qədər davam edəcək bəlli deyil. Axı, manatın məzənnəsinin aşağı düşməsi prosesi davam edir. Bundan başqa devalvasiyaya getməklə ehtiyatları qoruya bilər. Düşünmürəm ki, hökumət öz ehtiyatları vasitəsi ilə manatın məzənnəsini saxlayacaq. Hökumət birinci və ikinci devalvasiya həddində olmasa da manatın məzənnəsinin ucuzlaşmasına gedəcək.

-İnsanlar arasında şayiə yayılıb ki, sentyabr və oktyabr aylarında 1 dollar 3-3.5 manat olacaq. Sizcə, bu informasiyalar ictimaiyyətə məqsədli şəkildə yayılır, yoxsa əsaslıdır?

-Bu gün informasiya texnologiyaları inkişaf edib. İstənilən vaxtda xəbər böyük bir insan kütləsinə gedib çatır. Belə şayiələr bütün sahələrdə var. Dövlətin və hökumətin işi belə informasiyaların qarşısını almaqdır. Bəzi qurumlar aydınlıq gətirir ki, bu məlumatlar doğrudur, ya səhvdir. Bir misal çəkim. Xəbər getdi ki, hərraclarda tələb 1 milyarda yaxın olub. Təbii ki, bu ajiotaj yaradan bir xəbərdir. Bundan dərhal sonra Mərkəzi Bankın açıqlaması oldu ki, bu rəqəm 1 milyard yox, 578 milyon olub. Göründüyü kimi, rəsmi dövlət qurumu 1 milyardlıq şayiənin qarşısını aldı. Tələbatın hansı həddə olmasını Mərkəzi Bank əvvəlcədən açıqlayıb belə şayiyənin yayılmasının qarşısını ala bilərdi. Heç kim deyə bilməz ki, manatın məzənnəsi sabah necə olacaq. Çünki hökumət qərarı mövcud vəziyyətə uyğun verir. Dolların 3.5 AZN olması təxminən 100 faiz devalvasiya deməkdir. Bu, ölkədə bank sisteminin tamamilə məhv olmasıdır. Elə də asan iş deyil. Hazırda devalvasiyaların fəsadlarının aradan qaldırılması prosesi gedir. Bundan əvvəlki devalvasiyalar nəticəsində 45 bankın 12-i bağlandı. Bir neçəsinin isə taleyinin necə olacağı bəlli deyil. Ola bilər ki, beş-altı aydan və ya bir ildən sonra dollar 3.5 manat olsun. Ancaq hazırda bu rəqəm real deyil.

- Dolların satışına məhdudiyyət qoyulandan sonra "qara bazarda fəallaşma müşahidə olunur. Bu, nə dərəcədə təhlükəlidir?

-Mərkəzi Bank bundan əvvəl valyutadəyişmə məntəqələrini ona görə bağladı ki, xarici ölkələrə dollar axınının qarşısı alınsın. Bunun əvəzində də "qara bazar yarandı. Valyutadəyişmə məntəqələrinə nəzarət etmək çətin idisə, "qara bazara, ümumiyyətlə, mümkün deyil. "Qara bazarın olması milli valyutanı təhlükə altına salır və bunlar bağlanmalıdır. Burada satılan dollarları da banklar dövriyəyə buraxır. Belə vəziyyətin davam etməsi iqtisadiyyatın maliyyə dayanıqlığını poza bilər.

-Son günlər ərzaq məhsullarının qiymətində ciddi şəkildə artım müşahidə olunur. Bəzi şirkətlər xammalı idxaldan asılı olmadığı halda qiymətləri artırırlar. Vəziyyət hansı həddə qədər davam edə bilər?

-Azərbaycanda qeyri-ərzaq məhsullarının 90 faizdən çoxu idxal olunur. 3-4 məhsul növü var ki, bu daxildə istehsal edilir. Ancaq xammal yenə də xaricdən gətirilir. Ərzaq məhsullarının böyük həcmi daxildə istehsal olunsa da, əksəriyyətinin xammalı xaricdən gəlir. Azərbaycanda bütün istehsalın tərkibində xammaldan asılılıq var. 100 faiz daxili istehsal yalnız meyvə-tərəvəzdir. Onun da gübrəsi və.s dərmanları xaricdən idxal olunur. Bütün bunlar qiymətə təsir edən amillərdir. Dollar qalxdıqca onların da qiymətində artımlar müşahidə olunur.

-Niyə idxaldan asılılığı azalda bilməmişik?

-Təbii ki, bu suala hökumət cavab verməlidir. Nefti olan ölkələr xırda istisnalarla hamısında vəziyyət bu cürdür. Havayı pul gələn yerdə heç kim özünü əziyyətə salmaq istəmir. Neft pullarının gəlməsi hökuməti qeyri-neft sektorunu inkişaf etdirməkdə maraql etmədi. Bir növ bizi tənbəlləşdirdi. Xammaldan asılılığı aradan qaldırmaq üçün müəyyən addımlar atıldı. Bir neçə zavod, fabrik tikildi. Bəzilərinin tikintisi yarımçıq dayandırıldı, bir qismi isə 1 ay işləyəndən sonra fəaliyyətini dayandırdı. İxrac etmək elə də asan məsələ deyil. Bunun üçün iki kompanentin olması çox vacibdir. Birinci rəqabət aparmağa imkan verən qiymət, ikinci keyfiyyətli məhsul. Bizim standartlar beynəlxalq normalara uyğun gəlmir. Ancaq mövcud vəziyyət hazırda bizi qeyri-neft sektorunu inkişaf etdirməyə məcbur edir.

Həsən Babayev