Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb. Təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Unikal.org apa-ya istinadən xəbərinə görə, dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. 

Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. 

İsmayıllı şəhərinin bəzi küçələrini və kəndləri sel basıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. 

Məlumata görə, hazırda güclü şimşəklə müşayiət olunan leysan yağışı davam edir.

Qeyd edək ki, iki il bundan əvvəl də rayona bu cür dolu yağmışdı.