"Şprislər, çarpayıların üzərində asılmış infuziya kisəcikləri, tibbi tullantılarla dolu zibil qutuları..."

Fransanın Burq an Bress bölgəsindəki kiçik Replonj şəhərində yerləşən "BressSaone" otelinin əməkdaşlarının dediklərinə görə, bunları görəndə dərhal polis çağırıblar. Onlar Fransada keçirilən gənclər arasında güləş üzrə dünya çempionatına qatılmış Azərbaycan yığmasının qaldığı otaqlardakı mənzərədən şübhələniblər, "güləşçilərin dopinq qəbul etdiklərini düşünüblər".

Unikal.org Milli.Az-a istinadən bildirir ki, hadisə yerinə gəlmiş 28 jandarm Makondakı çempionata qatılan azərbaycanlı güləşçilər, məşqçilər və heyət üzvlərini dindiriblər.

Səhərin erkən saatlarında Azərbaycan yığmasının qaldığı otaqlarda jandarmlarla yanaşı, Fransanın Ətraf Mühitə və İctimai Sağlamlığa Ziyanla Mübarizə Mərkəzinin (Office central de lutte contre les atteintes à l'environnement et à la santé publique, OCLAESP) əməkdaşları, habelə dopinqlə mübarizə üzrə ekspertlər axtarışlar aparıblar.

"Axtarış heç bir nəticə vermədi. İstintaqa ehtiyac yoxdur", - prokuror Kristof Rode deyib.

Axtarış zamanı otaqlarda heç bir dopinq məhsulu tapılmayıb.
Bununla belə, Fransanın Dopinqlə Mübarizə Agentliyinin (Agence Française de Lutte Contre le Dopage, AFLD) iki əməkdaşı güləşçilərimizdən dopinq testlər üçün nümunələr götürüb. Sonuclar bir neçə gündən sonra rəsmən açıqlanacaq.
Beynəlxalq Güləş Federasiyasının texniki nümayəndəsi Karl-Martin Ditmanu da olay yerinə gəlib. O, hadisə ilə bağlı heç bir açıqlama verməyib.



Fransa Güləş Federasiyasının prezidenti Alen Bertolom deyib: "Fransada ilk dəfədir ki, belə hadisə baş verir. Güləşçilər həqiqətən də dopinq qəbul edirlərsə, bu, çox əndişəlidir. Bəlkə, onlar çəki dərəcələrində qalmaq üçün çəki itkilərini kompensasiya etməyə çalışıblar. Araşdıracağıq".

Azərbaycan yığması belə aşağılayıcı münasibətə rəğmən, çempionatda uğurla çıxış edib, 2 qızıl, 1 gümüş və 5 bürünc medala yiyələnib.

Ekspertlərin fikrincə, "BressSaone" otelindəki axtarış Azərbaycan güləş yığmasına qarşı aşkar provokasiyadır və bu, son vaxtlar güləşçilərimizin uğurları ilə bağlı bəzi federasiyalarda yaranmış "qıcıq nevrozu" ilə də əlaqələndirilə bilər.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş 31-ci Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri 9 medal qazandılar ki, həmin medalların 6-sı sərbəst güləşçilərin payına düşür.



Bu uğur isə görünür, bir para "narazı"ları qıcıqlandırdığı üçün London və Pekin Olimpiadalarında güləşçilərimizdən götürülmüş dopinq-test nümunələrinin yenidən yoxlanması (!) tələb olunur.

Bu zaman 2012-ci il Olimpiya Oyunlarında qızıl medal qazanmış Toğrul Əsgərovun dopinqdən istifadə etdiyi iddia olunurdu.
Lakin Dünya Güləş Birliyi rəsmi açıqlama yayaraq "Toğrul Əsgərov heç vaxt Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozmayıb" dedi.