Sumqayıtda "Eldar Əzizov təlatümü"
Sumqayıtda "Eldar Əzizov təlatümü"

İcra başçısının işdən azad ediləcəyi xəbəri yayıldı

Sumqayıtda icra başçısı Eldar Əzizovun görəvdən azad edildiyi barədə söz-söhbət yayılıb. Yayılan məlumatlarda guya onun nazirliklərdən birinə nazir müavini təyin ediləcəyi də bildirilib.
Xatırladaq ki, iki gün əvvəl hökumətə yaxın kütləvi informasiya vasitələrinin birində bildirilib ki, yay aylarında bir sıra məmur vəzifəsilə vidalaşacaq. Həmin məlumata görə, həmin məmurlar yay tətilində məzuniyyətə göndəriləcək.
Məlumatlarda belə məmurlardan bəzilərinin adları da açıqlanıb. Bunlar kənd təsərrüfatı naziri Ismət Abbasov və "Azərenerji" prezidenti Etibar Pirverdiyevdir. "İyulun 15-dən sonra ona yaxın icra başçısı da vəzifəısinə əlvida deməli olacaq. Onların arasında Sumqayıt şəhərinin meri Eldar Əzizov da var" deyə həmin xəbərdə vurğulanırdı.
Dünən isə artıq Eldar Əzizovun guya yaxın ətrafına vəzifəsindən gedəcəyi barədə informasiyaları təsdiqlədiyi barədə "gənclik şəhəri"ndə söz-söhbətlər ortaya çıxıb. Onun tamamilə vəzifəsiz qalmağayacağı, əksinə, daha yüksək postlardan birinə gətiriləcəyi də Sumqayıtda yayılan söz-söhbətlər arasında olub. Dediyimiz kimi, söhbət onun nazirliklərdən birində müavin postunu tutacağından gedir.
Dünən əməkdaşımız məlumatlı mənbələrlə əlaqə saxlayıb, amma həmin mənbələr Eldar Əzizovun yaxın 1 ayda işindən azad ediləcəyi və nazir müavini təyin olunacağı yönündə şaiyələri təsdiqləməyiblər.
Ülviyyə Qasımlı