Bursada 32 yaşlı 4 uşaq anası Sevinc Aydın, onu telefonla narahat edən 30 yaşlı Ümid Şahini tapançayla öldürüb.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə dünən axşam Osmanqazi mollafanari məhəlləsi, kestanelik prospektində baş verib.

Şirniyyat mağazasında satıcı işləyən Sevinc Aydın ilkin istintaqa bunları açıqlayıb:

"Ümid Şahin tez-tez telefonla zəng edib məni narahat edirdi. Dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq öz əməlindən əl çəkmirdi. Dünən günorta saatlarında O, yenə məni narahat etdi. Ondan axşam evimin qarşısına gəlməyini tələb etdim. Uzun mübahisədən sonra onu tapançayla güllələdim".

Həyat yoldaşına məxsus silahla cinayət törədən Sevinc Aydın, polis bölməsinə zəng edib hadisə barədə məlumat verdikdən sonra təslim olmaq istədiyini bildirib. 

Ünvana gələn polislər araşdırmalara başlayıblar. Şahinin cəsədi ekspertiza üçün Ədliyyə Tibb Morquna aparılıb. Cinayətlə əlaqədar istintaq davam etdirilir.