Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Unikal.org-un məlumatına görə, bu barədə Lent.az-a vəkil Cavad Cavadov bildirib:

"Bu gün Nəsimi Rayon Məhkəməsində prokurorluğun Natiq Cəfərlinin həbsdən azad olunması barədə təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib".

N. Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun təqdimatı əsasında verildiyini qeyd edib.

"Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir, - deyə o vurğulayıb.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.