Ermənistandan Moskvaya işləmək üçün gələn miqrantlar şəhər rəhbərliyinin ciddi nəzarəti altında olacaq.

Unikal.org-un məlumatına görə, bu barədə Regional Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə idarəsinin Moskva şöbəsinin rəhbəri Aleksey Mayorov bildirib.

"Şəhərdə lisenziyasız işləmək hüququna malik bir neçə kateqoriyadan olan vətəndaşlar var. Bura o cümlədən vahid Gömrük İttifaqına daxil olan ölkələrin vətəndaşları daxildir. Yoxlamalara əsasən demək olar ki, ticarət və xidmət sahəsində çalışan bu şəxslər heç də həmişə müvafiq tibbi sənədlərə malik olmur. İşə götürənlər onların adını vergi üzrə rəsmi hesablara salmır", - deyə Mayorov bildirib.

Şöbə rəhbəri qeyd edib ki, 2016-cı ilin sonuna qədər Moskva və federal səviyyədə konkret təkliflər hazırlanacaq.

Xatırladaq ki, Gömrük İttifaqına Rusiyadan əlavə, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.