"Müxalifət partiyalarının mövcud olması, onların mitinq keçirərək bu və ya digər məsələlərə dair öz fikirlərini söyləmələri ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının göstəricilərindən biridir. Mitinqdə çıxış edənlərin yeni bir söz söyləməmələri isə onsuz da dağınıq, parçalanmış, pərakəndə, gücsüz vəziyyətdə olan müxalifətin bu qrupunun da hələ bir neçə illər geridə qaldığını isbat edir".

Unikal.org xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Onun fikrincə, müəyyən qrup adamların həm Milli Şuranın, həm də Müsavat partiyasının mitinqlərinə qatılması bəzi səbəblərlə bağlıdır: "Əvvəla, dünyanın bütün, o cümlədən ən demokratik, ən inkişaf etmiş ölkələrində olduğu kimi, bizdə də bəzi məsələlərdən razı qalmayan adamlar vardır. Dünyanın heç bir ölkəsində hamı heç də hər şeydən razı deyildir. Burada qeyri-adi bir şey yoxdur. İnsan cəmiyyəti yaranandan bəri həmişə belə olub. Digər tərəfdən, bəzi insanlar üzv olduqları təşkilatlardan uzaqlaşa, düşdükləri qaranlıq girdabdan çıxmaqda cəsarət tapa bilmirlər, təşkilat rəhbərlərinin əlində girova çevriliblər. Bəziləri isə vaxt keçirmək üçün mitinqlərə gedirlər. Təkidlərin və təzyiqlərin də olduğu istisna deyildir və s. Mitinqə gedənlərin bəziləri söylənən, lakin həlli mümkün olmayan boş sözlərə və verilən quru vədlərə hələ də sadəlövhcəsinə inanırlar. Əsas məsələ ondan ibarətdir ki, cəmiyyətdə çoxluq kimin tərəfindədir. Azərbaycanda mütləq əksəriyyət cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyir. Cüzi bir qrupun mitinq keçirməsi bu nisbəti dəyişdirmək gücündə deyildir.

Həm Milli Şuranın, əslində isə AXCP-nin, həm də Müsavatın mitinqində eyni qrup adamların iştirak etməsi onsuz da bərbad halda olan müxalifətin "aparıcı hissəsi" sayılan bu təşkilatların sosial bazasının çox zəif, əslində isə olmadığını göstərir. Eyni şəxslərin hər ikimitinqdə iştirak etməsi istər-istəməz digər şübhələri də ortaya atır: həmin şəxslərin iştirakının arxasında maddi həvəsləndirmə və s. amillər rol oynayıbmı? Bu vəziyyət müxalifət partiyalarındakı dərin, çıxılmaz böhranın göstəricidir".

M.Qasımlı qeyd edib ki, AXCP və Müsavat partiyaları arasında mitinq yarışmasının mahiyyətini Azərbaycanda demək olar ki, bilməyən yoxdur: "Bu, həmintəşkilatların sədrləri arasında uzun illərdən bəri davam edən barışmaz, düşmənçilik səviyyəsində olan ziddiyətlərin, liderlik iddialarının göstəricilərindən biridir. AXCP sədri özünü bütün müxalifətin "şəriksiz lideri" hesab edir, bu iddiaya düşənlərə qarşı əlində olan bütün vasitələrlə mübarizə aparır. Onların barışması mümkün deyildir. Əgər onlar hətta barışsalar, birlikdə mitinqlər təşkil etsələr, digər təşkilatları da cərgələrinə cəlb etsələr belə, ictimai rəyə və mövcud idarəetməyə təsir etmək gücündə olan mitinq keçirmək iqtidarında deyillər".

Millət vəkili hər hansı siyasi qüvvənin xaricdən aldığl sifarişi yerinə yetirməsini milli xəyanət adlandırıb: "Xarici ölkələrin Bakıdakı səfirliklərində və beynəlxalq təşkilatlardakeçirilən görüşləri millətimiz adına təhqir hesab edirəm. Bu, rüsvayçılıq, milli xəyanətdir. Xaricdən sifariş yerinə yetirməklə heç bir istəyə nail olmaq olmaz. Belə cəhdlər bəri başdan uğursuzluğa məhkumdur. Digər tərəfdən, millətimiz hər şeyi çox yaxşı görə və seçə bilir. Azərbaycan vətəndaşları özlərinin sakit, təhlükəsiz və rahat həyatından imtina edib, ölkəni İraqa və Suriyaya çevirməyə çalışan müxalifət qüvvələrinin arxasınca heç vaxt getməz, göz görə-görə özünü bədbəxtlik girdabına düşürməz".