Sentyabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər üçün təşkil olunmuş seminarın açılışında iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn Əfqanıstan İslam Respublikası Gömrük Departamentinin Baş direktoru Əhməd Rəşad Popalı qəbul edib.

Komitənin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüşdə DGK sədri Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2013-cü ilin fevral ayında Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Əfqanıstana səfərini məmnunluqla xatırladaraq keçirilən görüşlərin, müzakirə olunmuş məsələlərin əhəmiyyətindən danışıb, eləcə də Azərbaycan tərəfinin gömrük işi sahəsində-istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və s. sahələrdə yardımlarını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.

DGK sədri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib və təkcə bu ilin 8 ayı ərzində Əfqanıstan mənşəli 1 ton 100 kiloqramdan artıq narkotik vasitə-heroinin aşkarlandığını, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərildiyini diqqətə çatdırıb. Bu kimi halların qarşısının alınması üçün əməkdaşlığın önəminə toxunan Komitə sədri hər iki ölkənin əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan əməkdaşlarının qarşılıqlı fəaliyyətinin, treninqlərin, seminarların təşkil olunmasının zəruriliyini vurğulayıb.

Əfqanıstan Gömrük Departamentinin Baş direktoru Əhməd Rəşad Popal isə öz növbəsində ÜGT-nin Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən seminarın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

O iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açaraq Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayan qonaq, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib, eyni zamanda Azərbaycan tərəfinə ölkəsinin gömrük xidmətinə edilən yardımlara görə təşəkkürünü də bildirib.

Ə.R. Popal eyni zamanda iqtisadi-ticari əlaqələrdən, ticarət dövriyyəsinin həcmindən də söhbət açmış, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan bəhs edib.

Qonaq iki ölkə arasında gömrük işi sahəsində nəzərdə tutulan normativ-hüquqi sənədin işlənib hazırlanmasının və gələcəkdə imzalanmasının da zəruriliyini bildirib, belə bir sənədin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda gələn ay İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin toplantısında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.