"Müxalifətin mitinqinə toplaşanların əksəriyyətinin arzusu saxta yollarla siyasi mühacir statusu almaqdır. Onlar mitinqdə "selfi" çəkdirərək, siyasi mühacir sənədləri düzəltdirmək istəyirlər".

Unikal.org bildirir ki, bu sözləri modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, saxta siyasi mühacirləri erməni lobbisi maliyyələşdirir:

"Mitinq adı ilə ayrı-ayrı Avropa ölkələrinə gedirlər. Təbii ki, həmin xainlər orada işləmirlər. Ancaq ondan-bundan tapşırıqlar alırlar. Həmin saxta siyasi mühacirlər erməni lobbisinin ayırdığı pulla maliyyələşirlər".
Siyavuş Novruzov bəyan edib ki, saxta yollarla siyasi mühacir sənədləri düzəltdirmək istəyənlərə qarşı ciddi mübarizə aparılmalıdır:

"Saxta siyasi mühacir sənədləri düzəltmək istəyənlərlə ciddi şəkildə mübarizə aparmaq lazımdır.

Bu işdə xüsusilə hüquq-mühafizə orqanları mübarizə aparmalı və diqqətli olmalıdırlar. Belə müraciətlərin hər biri polis tərəfindən ciddi araşdırılmalıdır.
Saxta yollarla siyasi mühacir statusu alanların bəziləri adlarını dəyişərək, ya erməni və ya da mənşəyi bilinməyən xarici adlar götürürlər. O mühacirlər bu gün Avropada küçə süpürməklə məşğuldurlar".