Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,1 min nəfəri neft sənayesində çalışmış pensiyaçılardır.

Unikal.org-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlara ödənilən pensiyaların məbləği ildən-ilə yüksəlir. Belə ki, hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manata çatıb.

Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışan vətəndaşlar üçün bir sıra imtiyazlar da qanunvericilikdə əksini tapıb. Belə imtiyazlardan biri kimi, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddindən daha tez pensiyaya çıxmaq hüququna malikdirlər.

"Bu gün SOCAR Azərbaycanda sığorta-pensiya sistemində ən fəal iştirak edən bir qurumdur. Belə ki, şirkət fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına və məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malik olması ilə seçilir. 

Təkcə cari ilin yanvar-avqust aylarında SOCAR tərəfindən neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının ödənilməsi təmin edilib", - deyə qurumun məlumatında bildirilir.