Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov "Ölkə.Az saytına müsahibə verib.

Unikal.org maraqlı söhbəti təqdim edir:

- Azərbaycanda 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təmsil olunduğunuz rayonda hazırlıq işləri nə səviyyədədir?

- Əhalinin keçirilən görüşlərə fəallığı çox yüksəkdir. Artıq biz indiyədək referendumla bağlı 5 iclas keçirmişik. Sentyabrın 20-də isə gənclərlə birgə iclasımız olacaq. Sentyabrın 23-də də partiyanın növbəti iclası keçiriləcək. Yəni, Yasamal rayonu ərazisində olan 4 dairənin hər birində biz iclaslar keçirmişik. Görüşlərə axın çox güclüdür, insanlarda böyük maraq var. Ən əsası isə insanlar referndumun mahiyyətini dərk edirlər. Əhali Referendum Aktında Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunmasına diqqətlə yanaşır, bilmədiyini isə soruşur. Bu da ən gözəl addımlardan biridir. Yəni, xalq referenduma kor-koranə getmir, onunla yaxından maraqlanır. Bütün bu işlərdə çox yüksək səviyyədə intensivlik, fəallıq var. Hətta, bəzən elə olur ki, görüşlərə gələn insanlar üçün oturmağa yer olmur, onlar ayaq üstə qalırlar. Misal üçün deyim ki, biz ilk iclası sentybarın 5-də "Qismət şadlıq sarayında keçirmişik. Həmin iclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın Aqrar məsələr üzrə müşaviri Qərib Məmmədov və Yasamal Rayon Ziyalılar Cəmiyyətinin rəhbəri Rasim Nəbiyev də iştirak edib. Nəzərə alın ki, bu şadlıq sarayı oturaq halda 500-dən çox adam tutur. Həmin görüş zamanı da insanlar o qədər çox idi ki, ayaq üstə qalmışdılar.

İkinci iclasımız sentyabrın 7-də keçirilib. Bu iclasa da xeyli sayda insanlar gəlmişdi.

Sentyabrın 16-da isə iki iclasımız olub. Bunlardan biri İzmir küçəsində, digəri isə YAP Yasamal rayon təşkilatının qərargahında keçirilib. Bu görüşlərdə də çox böyük fəallıq müşahidə olunub.

Sentyabrın 19-da da YAP Yasamal rayon təşkilatının qərargahında 7 rayon təşkilatı fəallarının iştirakı ilə görüşümüz keçirilib.

Sentyabrın 20-də isə YAP Yasamal rayon gənclər təşkilatının qərargahında növbəti görüşümüz olacaq. Növbəti görüşümüz isə sentybarın 23-də keçiriləcək.

Görüşlərdə Referendum Aktında Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması məsələləri əhaliyə yüksək səviyyədə izah edilir.



- Referendum Aktında nəzərdə tutulan məsələlərdən biri də prezident seçilmək üçün 35 yaş məhdudiyyətinin aradan qaldırılması və prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi ilə bağlıdır. Bu məsələlərə sizin də münasibətiniz maraqlı olardı...

- Bilirsiz, referenduma çıxarılan məsələlər arasında ən vacibləri cənab Prezidentin də göstərdiyi kimi, xalqın maddi rifahının və güzəranının yaxşılaşması, yaş həddinin aradan qaldırılması ilə bağlıdır. Bəlkə də sizin yadınıza gəlməz, 1990-1991-ci illərdə hakimiyyətdə olanlar ulu öndər Heydər Əliyevin prezident seçilə bilməməsi üçün yaş həddini dəyişdirmişdilər. Həmin vaxtı bununla əlaqədar Milli Məclisin qarşısında etiraz mitinqləri keçirilirdi, hər gün bu məsələ ilə bağlı çıxışlar olurdu, o vaxtkı AXCP hakimiyyəti ilə insanlar arasında mübarizə gedirdi və sairə. Ancaq indiki reallıq bir daha göstərir ki, yaş həddinin qoyulması doğru deyil. Ağıl yaşda deyil, başdadır. Əgər bu gün ali məktəblərə 700 balla qəbul olan tələbələrimiz varsa, bunların bilik və intelektual səviyyəsi bu qədər yüksəkdirsə, bacarıqlı gənclərdirsə, o zaman bunlar nə üçün 18-19 yaşlarında deputat seçilməməlidir? Ona görə də Konstitusiyaya ediləcək əlavə və dəyişikliklə 25 yaş həddinin götürülməsi nəzərdə tutulur. Eyni sözləri hakimlər haqqında da demək olar. Bu gün Azərbaycanda elə uşaq var ki, 21-22 yaşlarında hüquq fakültəsini bitirir. Bundan əlavə, prezident seçilmək üçün 35 yaş məhdudiyyəti qoyulub. Bu da doğru deyil. Doğrudan da elə şəxsiyyətlər yetişir ki, onun ən ağıllı dövrü 18 yaşdan başlayır. Bu cür şəxslərin ən yüksək bacarığı 35 yaşınadək olur. Əgər 35-dən aşağı yaşı olan yüksək bacarıqlı bir gənc xalqın etimadını doğruldursa, prezident seçilirsə, bunun nəyi pisdir? Bu cür adamı xalq istəyirsə, nəyə görə də seçilməsin?

Referenduma çıxarılacaq məsələlər arasında torpaq islahatı ilə bağlı da əlavə və dəyişikliklər nəzərdə tutulur. Bilirsiz ki, bir sıra dövlətlərdə, o cümlədən qonşu Rusiyada torpaq islahatları hələ də başa çatmayıb. Ancaq Azərbaycanda torpaq islahatı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başa çatdırılıb. Bu gün də həmin torpaq islahatından yararlananlar var. Bəzən görürsən ki, hər hansı imkanlı şəxs pay torpaqlarını alır, ancaq pula ehtiyacı olmadığı üçün həmin torpağı becərmir. Amma referndumdan sonra həmin torpaqlar birmənalı olaraq dövlətin sayılacaq. Yəni, dövlət istənilən vaxtı həmin torpaqları ala biləcək. İndiyədək isə hər hansı neft-qaz kəmərləri keçən torpaq sahibinə pul ödəniləndən sonra dövlətin balansına keçirdi. Bu gün də bir çox biznesmenlər hektarlarla torpağı alıb, istifadəsiz saxlayır. Bütün bunlar düzgün deyil. Çünki torpaq insanlara boş saxlamaq üçün verilməyib. Dövlət torpaq verirsə, onu əkib becərməlisən ki, məhsul götürəsən. Bu isə ilk növbədə ölkədə sosial rifahın yaxşılaşdırılması üçün əhəmiyyətlidir.

Refernduma çıxaeılan məsələlər arasında qoşun növlərinin bir komandanlıq altında birləşdirilməsi də nəzərdə tutulur. Bilirsiz ki, iyulun 15-də Türkiyədə baş verən hadisələr göstərdi ki, istənilən halda qoşun növləri bir komandanlıq altında birləşərək, Ali Baş Komandana tabe olmalıdır. Yəni, müxtəlif cəbhələrdə olmalı deyil. Türkiyədə olduğu kimi, Azərbaycanda da Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin qoşun növləri vardır. Ancaq referendumdan sonra bu cür qoşun növlərinin hər birinin vahid komandanlıq altında birləşdirilməsi nəzərdə tutulur.

Referenduma çıxarılan məsələlər arasında ən əsası Azərbaycanda birinci vitse-prezidentin və vitse-prezidentlərin təyin edilməsidir. Konstitusiyada ediləcək əlavə və dəyişikliyə görə, Azərbaycanda birinci vitse-prezidenti və vitse-prezidentləri yalnız ölkə Prezidenti təyin edə və çıxara bilər. Bundan əlavə, birinci vitse-prezidentin toxunulmamazlıq hüququ olacaq. Yəni, əgər Azərbaycanda birinci vitse-prezident konkret cinayət başında tutularsa, bu barədə birbaşa Respublika Baş Prokuroruna məlumat verilməlidir. Amma birinci vitse-prezidentin vəzifəsinə xitam verilib-verilməməsi artıq ölkə Prezidentin səlahiyyətlərinə aid olacaq. Referendumdan sonra Azərbaycanda birinci vitse-prezidentin və ailəsinin toxunulmamazlığı olacaq. Yəni, birinci vitse-prezidenti və ailəsini heç kəs tuta və yoxlaya bilməz. Çünki ölkə Prezidenti olmayanda, onu əvəz edəcək şəxs birinci vitse-prezident olacaq. Əgər Azərbaycan Prezidenti və birinci vitse-prezident də ölkədə yoxdursa, onu vitse-prezidentlərdən biri, onlar da olmasa Baş nazir, yaxud da Milli Məclisin sədri əvəz edə bilər.

Prezidentin 7 ildən bir seçilməsi istəyi də xalqın mütləq əksəriyyətinin tələbi ilə gündəmə gəlib. Bu həm də qlobal layihələrin icrası üçün də çox vacib məqamdır. Çünki bir sıra hallarda uzun müddətə reallaşan qlobal layihələr həyata keçirilir. Buna misal olaraq "Bakı-Tbilisi-Qars dəmiryolu, "Bakı-Tbilisi-Ceyhan, "Bakı-Tbilisi-Ərzurum və TANAP layihələrini göstərmək olar. Bu cür nəhəng layihələrin reallaşdırılması üçün doğrudan da müəyyən zaman lazımdır. Əgər hər hansı Prezident beynəlxalq müqavilə bağlayırsa, həmin müqavilənin uğurla davam etdirilməsi üçün müəyyən vaxt tələb olunur. Yoxsa ki, müqavilə bağla, prezidentlik müddətin başa çatır, sonra başqası gəlir və həmin müqavilə də risk altına düşür. Prezidentin yeddi illik müddəti məsələsi ona görə qaldırılıb ki, Azərbaycanda görülən bu qədər qlobal işlərin hamısına vaxt çatsın və müəyyən dövr ərzində bütün bu işlər uğurla reallaşsın. Burada mühüm məqamlardan biri də odur ki, müəyyən beynəlxalq müqavilələrə vitse-prezidentlər də dövlət başçısına məlumat verməklə imza ata biləcəklər. Bu isə idarəçilikdə müsbət nəticələrə gətirib çıxaracaq. Bütün bunlar ən vacib məsələlərdən biridir.



- Referendumla bağlı Azərbaycana qarşı xaricdən təzyiqlər ola bilərmi?

- Bildiyiniz kimi, 200 ildən artıq müstəqillik tarixi olan ABŞ indiyədək 27 dəfə referendumla Konstitusiyaya dəyişiklik edib. Dünyada "demokratiyanın beşiyi adlandırılan Fransada isə 3 dəfə Konstitusiya dəyişikliyi həyata keçirilib.

Azərbaycanda da 1995-ci ildən bəri 3 dəfə Konstitusiya dəyişikliyi olub ki, bu da 7 ildən bir təşkil olunub. Ancaq Azərbaycanda referendumun 7 ildən bir keçirilməsi təsadüfdür. Yəni, bu 5 və ya 3 ildən bir də ola bilərdi. Vaxt olar ki, bir ildən bir də keçirilər və sairə. Bütün bu dəyişiklik xalqın istəyindən doğub və sosial sifariş olub. Zamanın tələbi ilə Konstitusiyaya dəyişiklik edilib. Bu gün Azərbaycan dinamik inkişaf edir. Sovet İttifaqı dövründə də Azərbaycanda seçkilər keçirilirdi, indi də keçirilir. Amma indi Azərbaycan seçiciləri o qədər fəaldır ki, artıq öz səlahiyyətini yaxşı bilir və fəal şəkildə seçkilərə gəlib iştirak edir. Sovet İttifaqı dövründə isə seçici səsverməyə getmədən bülleteni qutuya salıb istədikləri adamı seçirdilər. Çox şükür ki, Azərbaycanda bu cür hallar yoxdur. Bu gün Azərbaycanda sözün həqiqi mənasında dünyaya nümunə olacaq azad və demokratik seçkilər keçirilir.

Cənab Prezident Referendum Aktında nəzərdə tutulan məsələləri ümumxalq səsverməsinə çıxartmaqla, dünyaya demokratiya nümayiş etdirir. Həm də xalqın gözünü açır ki, buyurun, referendumda səlahiyyət sahibi sizsiniz. Hər bir seçicinin məntəqəyə getməsi də onun vətəndaşlıq borcudur. Seçici mütləq səsvermədə iştirak etməli və istədiyi adama səs verməlidir.



"Onlar müxtəlif yollarla camaatı aldatmaq istəyirsə, bu mümkün olmayacaq

- Müxalifətin referendum əleyhinə keçirdiyi aksiyalara münasibətiniz necədir?

- Doğrudur, bu gün bir qrup müxalif insan səs-küy qaldırmağa çalışır. Ancaq heç kəsin gözünə kül üfürmək lazım deyil. Hamı yaxşı görür ki, referendumda əks olunan müddəalar xalqın xeyrindədir. Ona görə də bunu görüb, ona səs verməmək ən azı kor olmaq deməkdir.

Ümumiyyətlə, müxalifətin mitinqi məni qəti maraqlandırmır. Onların mitinqinə gedənlərin də əksəriyyəti də ictimai asayişi təmin etmək üçün əraziyə baş çəkən hökumət qüvvələridir. Müxalifət isə həmin adamları öz üzvləri kimi təqdim edir. Fotolarını da çəkib göstərir, deyir ki, guya mitinqə bu qədər adam gəlib və sairə. Bu gün Azərbaycanda müxalifət yoxdur, yalnız adı var.

Əgər bu gün onlar çığırıb-bağırırsa, küçələrə çıxırsa, müxtəlif yollarla camaatı aldatmaq istəyirsə, bu mümkün olmayacaq. Çünki camaat həmin camaat deyil, seçici həmin seçici deyil. Bu gün Azərbaycan seçicisini 1992-ci ildəki kimi aldatmaq mümkün deyil. Seçici indi çox fəaldır və ağı qaradan seçməyi yaxşı bacarır.

Kim olursansa ol, ancaq referenduma çıxarılan bu cür məsələlərdə hamı bir olmalıdır. İstər müxalifət, istərsə də iqtidar ümumxalq maraqlarının əks olunduğu bu məsələlərə hamılıqla "hə deməlidir. Amma müxalifətin boşboğazlıq etməklə, heçnəyə nail olmayacaq.

Seçicilər görürlər ki, doğrudan da dövlət başçısı İlham Əliyev ilk dəfə Prezident seçiləndə dediyi kimi, hər bir azərbaycanlının Prezidenti olur. Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmaq yolu ilə də gedir.

Ötən həftə cənab Prezidentin Bişkekdə erməni prezidentinə verdiyi sərt cavab adama ruh, qol-qanad verir. Bəli, çox xoşbəxtəm ki, mənim İlham Əliyev kimi Prezidentim var. Onun bu cür addımları insanda qürur hissi yaradır. Doğrudan da cənab Prezidentin dünyada nüfuzu çox böyükdür. Diqqət edin, bu gün dünyanın "super güc dövlətləri olan Rusiya və ABŞ prezidentləri ilə cənab İlham Əliyev yan-yana dayananda, onlardan daha əzəmətli, daha intelektual görünür. Cənab İlham Əliyev xalqa olan inamına, bacarığına, prezidentlik qabiliyyətinə, intelektual səviyyəsinə görə də onların hamısından yuxarıda dayanır. Bütün bunlar hər bir azərbaycanlıya böyük qürur hissləri yaşadır. Bu, Azərbaycan xalqının xoşbəxtliyidir. Bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük xoşbəxtlikdir. Heydər Əliyev Azərbaycana 3 atribut bəxş edib. Bunlar Azərbaycana İlham Əliyev kimi şəxsiyyətin bəxş edilməsi, müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Necə ki, Azərbaycan dövləti İlham Əliyevin 13 illik Prezidentliyi dövründə ancaq və ancaq irəli gedib, inkişaf edib. Azərbaycanda elə bir sahə və region yoxdur ki, Prezident İlham Əliyev orada olmasın. Prezident İlham Əliyev həmin sahələrdə və regionlarda uğurlu inkişafı təmin edir. Yəni, cənab Prezidentin təbliğə ehtiyacı da yoxdur. O, öz uğurlu işləri ilə özünün ən yaxşı təbliğatçısıdır. Uzun illərdir ki, Prezident İlham Əliyev ölkədə keçirilən seçkilərdə liderlik edir və bu birinci olaraq da qalacaq.



"Müxalifətçilərdən YAP-a üzv olmaq üçün mənə müraciət edənlər var

- Vaxtilə rəhmətlik Fikrət İsmayılov deyirdi ki, müxalifətçilər YAP Yasamal rayon təşkilatına üzv olmaq üçün müraciətlər edirlər. Sizin rəhbərlik etdiyiniz vaxtdan bəri müxalifətçilərdən sizin partiya təşkilatına üzv olmaq üçün müraciət edənlər varmı?

- Rəhmətlik Fikrət müəllim çox düz deyirdi. Çünki mən uzun illər idi ki, YAP Yasamal rayon təşkilatı sədrinin birinci müavini idim və müxalifətçilərin müraciət etdiklərinə şahid olurdum. Hətta, müxalifətçilərdən YAP-a üzv olmaq üçün mənə müraciət edənlər var. Ancaq həmin adamların hamısını gərək ələkdən keçirəsən. Yəni, onları mürciət edən kimi, dərhal YAP-a qəbul etmək olmaz. Hər halda onlarla bağlı dərhal qərar verilməməlidir.

Ümumiyyətlə, bu gün Yeni Azərbaycan Partiyasının 700 mindən çox üzvü var. Təkcə YAP Yasamal rayon təşkilatının 28 mindən çox üzvü var ki, onlar da çox fəaldırlar. Əgər 1993-cü il fevralın 20-də YAP Yasamal rayon təşkilatının barmaqla sayılan üzvləri var idisə, artıq indi 28 mindən çoxdur. Bu gün YAP Azərbaycanda əvəzolunmaz siyasi partiyadır. Bunu əvəz edəcək ikinci partiya yoxdur.

Bu gün Azərbaycanda 52 siyasi partiya var, ancaq bu partiya üzvlərinin hamısını bir yerə toplasan, təkcə YAP Yasamal rayon təşkilatının üzvləri qədər olmaz. Ona görə də Azərbaycan xalqı mövcud reallığı yaxşı görür və cənab Prezidentin ətrafında sıx birləşib.