Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 8-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanda 3 seçki məntəqəsi açacaq.

Unikal.org xəbər verir ki, hər üç məntəqə paytaxt Bakı şəhərində yerləşəcək.

Gürcüstan MSK-dan "Reporta bildiriblər ki, ümumiyyətlə, 41 xarici ölkənin 48 şəhərində 56 seçki məntəqəsi yaradılıb. Ən çox məntəqə Yunanıstanda - Afina və Saloniki şəhərlərində açılacaq. Yaponiya və Rusiyada seçki məntəqələri yaradılmayacaq.

Gürcüstan qanunlarına görə, xarici ölkələrdə açılan məntəqələrə gələn seçicilər yalnız proporsional siyahı üzrə siyasi partiyalara səs verə bilərlər.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, parlamentə 150 deputat seçiləcək və onların 77-si proporsional siyahı üzrə mandat əldə edəcəklər. Siyasi partiyalar və seçki blokları parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçməlidir. Qalan 73 deputat isə birmandatlı dairələrdən seçiləcək.