Ədliyyə naziri Fikrət Məmmədov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun ilə görüşüb.

Unikal.org-un məlumatına görə, nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən nazir bu münasibətlərin xalqlarımızın ümumi milli mənafelərinə uyğun daha da möhkəmləndiyini vurğulayıb, Türkiyənin bu ilin iyul ayında baş vermiş dövlət çevrilişinə cəhdin qarşısının qətiyyətlə alınaraq demokratiya yolu ilə uğurla inkişaf etdiyini qeyd edib.

F.Məmmədov iki ölkə arasında hüquqi sahədə qarşılıqlı fəaliyyətin daha da intensivləşdiyini, bu il məhkəmə, ədliyyə və prokurorluq orqanlarının rəhbər şəxslərinin Azərbaycana məhsuldar səfərlərini qeyd edib, əlaqələrimizin inkişafında səfir İsmail Alper Coşkunun xidmətlərini vurğulayıb.

Həmçinin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verilərək həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakı, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə hakimliyə namizədlərin Türkiyədə təlim keçdiyi təqdir olunub.

Nazir deyib ki, hazırda hakimliyə namizədlərin növbəti seçiminin aparıldığını, Türkiyə tərəfi tədrisə buraxılacaq namizədlərin qardaş ölkədə təcrübə keçmələrini təşkil etməyə hazır olduğunu bildirib.

Ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edən səfir ötən müddətdə Azərbaycanın dinamik inkişafının, sürətli dəyişikliklərin şahidi olduğunu qeyd edib. O, Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı xalq tərəfindən alındıqdan sonra ölkədə həyata keçirilən tədbirlərdən bəhs edərək Azərbaycan xalqının və dövlət başçısının hər zaman, o cümlədən çətin məqamlarda Türkiyənin yanında olduğunu vurğulayıb, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin davamlı inkişafından danışıb.

İ.A.Coşkun, həmçinin Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlığını bildirib, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.