Əli Kərimlinin hakimiyyətlə gizli danışıqlara getməsi, iqtidar təmsilçiləri ilə görüşlər keçirməsi əslində yeni xəbər deyildi. 2000-ci ildə cərəyan edən proseslər o dövrdə siyasi arenada olan hər kəsə məlumdur. Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mətbuata verdiyi müsahibədə Əli Kərimlinin iqtidar nümayəndələri ilə gizli görüşlər keçirdiyini etiraf edərək məsələni yenidən gündəmə gətirib.

S.Novruzovun fikrincə, həmin dövrdə Əli Kərimli dəfələrlə Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bəyan edib: 

“Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var”.

S.Novruzovun dediyi kimi Əli Kərimli Bakıda gizli görüşlərini “Xankəndi” restoranında keçirirmiş. 

Erməni işğalında olan Xankəndinin adını daşıyan restoran uzun illərdir fəaliyyət göstərir. “Xankəndi” Bakının ən bahalı və məşhur restoranlarındandır. 

“Xankəndi” Siyavuş Novruzovun qeyd etdiyi kimi Tofiq Bəhrəmov adına Respublika stadionunun arxasında, Əhmədbəy Ağaoğlu küçəsində yerləşir. Restoran kifayət qədər dəbdəbəli və gizli görüşlərin keçirilməsi üçün əlverişli məkan sayıla bilər.

Özünü restoranın adminstratoru kimi təqdim edən Nicat adlı şəxs “Xankəndi”nin 1998-ci ildən fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, restoranın müştəriləri arasında təkcə adi insanlar deyil, millət vəkilləri, vəzifəli şəxslər, məmurlar da var.

“Bu illər ərzində restoranda bir çox tanınmışlar qonaq olub. Biz buranın yeni sahibiyik. 3 aydır ki, restoranı icarəyə götürmüşük. Müştirlərimiz əsasən imkanlı şəxslərdir. Deputatlar da, vəzifəli şəxslər də hərdən bizim restoranda qonaq olurlar”-deyə qeyd edən adminstrator Əli Kərimlinin “Xankəndi”də görüşlər keçirməsi xəbərini mətbuatdan oxuduğunu deyib.

“Bu haqda dəqiq bir söz deyə bilmərik. Ola bilsin ki, əvvəl həmin şəxs restoranın müştərisi olub”.Siyavuş Novruzovun ittihamlarına nə Əli Kərimli, nə də onun partiyadaşları cavab vermək istəmirlər. 

Vaxtilə Əli Kərimlinin müavini olan Razi Nurullayev keçmiş sədrinin “Xankəndi”də gizli görüşlər keçirdiyini, hətta bu görüşlərin videoyazılarının iqtidarda olduğu qənaətindədir.

Onun sözlərinə görə, Əli Kərimli susmaqla mövzudan yayınmağa çalışır.