Dünya həyəcan içində
Dünya həyəcan içində

Avropada böhranın ikinci dalğası başladı, prosesin Azərbaycana təsiri olmayacaq

2008-ci ilin yayında Amerikadan başlayan iqtisadi böhranın birtəhər qarşısını alan dünya dövlətləri yeni bir həyacan yaşayırlar. Buna səbəb isə ikinci böhran dalğasının Avropadan start götürməsidir. Artıq bütün birjalarda səhmlərin qiymətləri davamlı olaraq dəyişir və ən iri şirkətlərə belə etibar qalmayıb.

Belə ki, dünyanın ən aparıcı şirkətlərindən biri olan Moodysun İspaniyanın kredit notunu aşağı salması və bəzi dövlətlər üçün də hazırlıqlar içində olduğunu açıqlaması birjaları alt-üst edib. Yunanıstan, İtaliya və ardından da İspaniyanın böhranlı günlər yaşaması isə Avropa Birliyini çətin vəziyyətə salıb. Afinanın vəziyyətdən çıxarmaq üçün 25 milyard avroluq maliyyə yardımının işə yarayacağı düşünülmür.
Bəzi iqtisadçılar isə bəyan edirlər ki, Avropa Birliyi Yunanıstandan əlini çəkməli və onu birlikdən çıxarmalıdır.
İspaniyada isə durum daha vahiməli olduğundan vəziyyətdən çıxmağın tək yolu ona maliyyə yardımı göstərməkdir. Elə bu səbəbdəndir ki, Avropa Birliyi Madridə 125 milyard avro maliyyə yardımı göstərməyə başlayıb. Amma bu da ispanları vəziyyətdən çıxarmayacaq. Əksər ekspertlər vurğulayırlar ki, ispanlara daha böyük maliyyə vəsaiti lazım olacaq. Çünki bu ölkənin əhaliyə olan borcu həddindən artıq çoxdur və Madrid iqtidarı həmin borcları qısa müddətdə bağlamaq iqtidarında deyil.
Bu əsnada dünyada "böhran kahini" olaraq tanınan Nourel Roubin böhran içində olan ölkələr üçün yeni reseptini açıqlayıb. Onun ən maraqlı təklifi isə belədir ki, borc içində olan Almaniya vətəndaşlarına 1000 avro verib, onları Cənubi Afrika ölkələrinə tətilə göndərsə, daha yaxşı olar.
Roubin daha sonra vurğulayıb ki, böhran içində olan ölkələr vəziyyətdən çıxmaq üçün islahatlar məsələsini də bir kənara buraxmalıdırlar. Onun təklifinə əsasən qısa müddət ərzində vergiləri azaldıb, maaşları artırmaq lazımdır. "Qənaət dəliliyindən yubanmadan imtina etmək lazımdır. Hökumət vergiləri azaldıb, maaşları artırmaq lazımdır. Avropanın inkişaf etməyə ehtiyacı var".
Maliyyə dünyasında "Doktor Qiyamət" kimi tanınan məhşur investor Cim Rogers də Avropada yaşanan borc böhranı ilə bağlı fikirlərini açıqlayıb. Onun təklifi belədir ki, ümumiyyətlə, İspaniyaya borc vermək mənasız işdir. "Bu dəlilikdir. İspaniyaya 100 milyard avro verincə, buraxın iflas eləsin. Sadəcə, o deyil, digər Avropa ölkələri də iflas etməlidir".
"Doktor Qiyamət" daha sonra deyib ki, çıxış yolu sistemə güclü insanları gətirmək və varlı insanların daha çox obyekt almasını təmin etməkdir. "Amma avropalılar güclü insanlardan alıb gücsüzlərə verir. Bu absurd bir iqtisadi sistemdir".
Baş verənlərin Azərbaycana təsir imkanlarına gəldikdə isə durum bir qədər fərqlidir. Əvvəla, Azərbaycan iqtisadiyyatı stabil və güclüdür. 2008-ci ildən bu yana ölkə iqtisadiyyatına dünyada baş verən qlobal böhranın təsir etmədiyi göz qabağındadır. Azərbaycan hökuməti bununla bağlı dəfələrlə bəyan edib ki, dünyada cərəyan edən proseslər indiyə qədər təsir imkanlarına malik olmayıb. Onların sözlərinə görə, bundan sonra da hər hansı bir təsir imkanlarına malik olacağı da inandırıcı deyil. Çünki stabil və güclü Azərbaycan iqtisadiyyatı dünyada baş verənlərdən maksimum şəkildə sığortalanıb.
Həmin böhranın Azərbaycana təsiri olmadığını təsdiq edən daha bir neçə fakt sadalamaq olar, amma onların ümumiləşdirilmiş məzmunu belədir: Bu gün Azərbaycan bir çox iri layihələrə imza atıb. 2008-ci ildən bəri ölkəmizdə dəyəri milyardlarla dollar ölçülən yol, körpü, inşaat işləri həyata keçirilib. Hal hazırda isə bu istiqamətdə böyük işlər davam etdirilir.
Yekunda dünya maliyyə böhranı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirlərini diqqətinizə çatdıraq. Prezident İlham Əliyev dünya iqtisadi böhranının Azərbaycana təsirinin müvəqqəti xarakter daşıdığını bildirib. "Bütün dünyanı bürümüş iqtisadi böhran Azərbaycana da təsirini göstərir. Ancaq çalışırıq ki, bu təsiri minimum səviyyəyə endirək. Digər tərəfdən, Azərbaycanın mövcud qüdrəti və iqtisadi potensialı bunun müvəqqəti xarakter daşıdığını deməyə əsas verir. Müvəqqəti olaraq böyük müəssisələrin fəaliyyətinin dayanması bizi narahat edir. Əminəm ki, yaxın zamanlarda böyük müəssisələr öz fəaliyyətini bərpa edəcək. Orada işləyən insanlar dövlət tərəfindən təmin olunur, onların maaşları verilir və veriləcək".
Prezident İlham Əliyev böhranlı aylarda Azərbaycanda aparılan tikinti işlərinin davam etdirilməsini sevindirici hal kimi qiymətləndirib.
Prezident son 5 ildə "Regionların sosial-iqtisadi inkişafı üzrə" Dövlət Proqramının icrasını müsbət hal kimi qiymətləndirib və bildirib ki, növbəti 5 il üçün yeni proqram tərtib olunub. "Bizim iqtisadiyyatımızın əsas sahəsi energetikadır. Dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan da müəyyən çətinliklərlə üzləşib. Amma, buna baxmayaraq bütün sosial proqramlar icra olunur, infrastruktur layihələr davam etdirilir. Böhranın Azərbaycana müsbət təsiri də olub, istehlak qiymətləri aşağı düşüb. Ancaq büdcə təşkilatlarında çalışanların əmək haqları, pensiyalar vaxtı-vaxtında ödənilir.Onların məbləğləri ildən-ilə artır və artırılacaq. Bu aylar ərzində iqtisadiyyatımız da artıb. Bütün dünyada iqtisadi tənəzzül müşahidə edildiyi halda, Azərbaycanda bu sahədə artım var".

Namiq Əlibəyli