Bu gün Səbail rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Unikal.org Trend-ə istinadən xəbər verir ki, prosesdə ifadə verən Cavid Hüseynov hadisədən xəbəri olmadığını bildirib. Dövlət ittihamçısının suallarını cavablandıran C.Hüseynov deyib ki, ittihamları qəbul etmir. Sonra prosesdə Elşən İsmayılov şahid qismində ifadə verib. O qeyd edib ki, Cavid Hüseynova heç nə deməyib və onun bu hadisədən xəbəri olmayıb. E.İsmayılov sonra deyib ki, hadisədən sonra Cavid Hüseynov bu barədə ona deyib və o könüllü təslim olub. Məhkəməyə digər şahidlər gətirilmədiyinə görə, vəkil Adıəm Məmmədov bu barədə vəsatət qaldırıb. Müdafiəçi vəsatətində prosesə gəlməyən şahidlərin məhkəməyə məcburi gətirlməsini istəyib. Vəsatət təmin olunmayıb. Məhkəmənin növbəti iclası martın 11-ə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.