PrimeTime.Az-ın "Tet-a-Tet" rubrikasının qonağı estrada müğənnisi Elnarə Xəlilovadır. 

 Unikal.org həmin müsahibəni təqdim edir:

- Dördüncü dəfə ana oldunuz. Ailə məsələləri işə mane olmur ki?
 - Əslində mənim üçün ailə hər zaman birinci planda olub. Səhnə, iş ondan sonra gəlib. Bütün dünya ulduzlarının şəxsi həyatlarına fikir versək, görərik ki, (ana olanları nəzərdə tuturam) ailəyə fikir verirlərsə, sənət axsayır. Sənətə diqqət yetiriləndə, ailə axsayır. İkisi bir arada mümkün deyil. Məsələn, Cenifer Lopez boşandı, sonra səhnəyə çıxdı. Bizdə də təxminən elədir. Ailəmə bağlı insan olduğum üçün onlarla vaxtımı daha çox keçirirəm. Yəni, heç bir maneədən söhbət gedə bilməz. 

- Beşinci uşaq barəsində fikirləşirsiniz? 
-(Gülür) Artıq bəsdir. Allaha acıq getməsin, deyir heç vaxt heç vaxt demə. Amma yox, istəmirik. Ümumiyyətlə Allah bizi bu həyata ona görə gətirib ki, insan övladının sayını çoxaldaq. Qadınların missiyası budur. Düşünürəm ki, gələcəkdə imkanım olsa bəlkə də 40 yaşında yenidən ana olmağı istəyərəm. 

- Şou biznesdə Elnarənin səhnədə olan yerini dolduran var, yoxsa boş qalıb? 
- Yox, düşünmürəm səhnədəki yerim boşdur. Biz istedadlı millətik. Həyat öz axarı ilə davam edir... Mən öz yerimdən çox məmnunam. Amma əgər bu baş versə, yəni Elnarənin yerini kimsə tutsa belə, heyfslənmərəm. Çünki kifayət qədər bacarıqlı, gənc nəsil yetişir. Təki onlar sözün yaxşı mənasında bu sənət üçün yaxşı işlər görə bilsinlər. Mən etiraz eləmirəm, həyatın qanunu, axarı budur. Mənə qədər də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Ümumiyyətlə, ana olandan sonra həyata baxışım tamamilə dəyişib. Mütləq həyata keçməsini istədiyim iddialarım var idi. Artıq onlardan əl çəkmişəm. 

- Bəlkə şou-biznesdə ikinci Vaqif Gərayzadəyə ehtiyac var? Çünki Vaqif müəllim elə bil ki, yorulub, çəkilib bir qırağa, daha ulduz yetişdirmək istəmir...
 - Sözün açığı, 10 il öncə belə deyildi. Əvvəllər hər şeyin dadı-duzu, sağlam rəqabətin mənası var idi. İndi şou-biznesdə rəqabət yoxdur. Hər kəs başını aşağı salıb, öz işi ilə məşğuldur. Sanki məcburiyyətdən edirlər. Sualın cavabına gəlincə isə, ikinci Vaqif Gərayzadəyə ehtiyac yoxdur. Vaqif müəllimdən 10 dənə də olsa, gördüyümüz işin ləzzəti qalmayıb. Yəni, Vaqif müəllimlik deyil. İndi kifayət qədər ulduz var. Bu, bəlkə də onların çoxluğundan irəli gəlir. Elə bil, adam onların içərisində itib-batır. Hərdən televiziyaya baxanda (adətən baxmıram) yeni ifaçıları görüb təəccüblənirəm ki, bunlar kimdir, nə oxuyur? Sonra öz-özümə deyirəm ki, Elnarə boynuna al, səndən sonra çıxan müğənnini qısqanırsan. Öz-özümü tənqid edirəm. Bir neçə gün sonra dostlarımla bu haqda danışanda, məlum olur ki, bəyənməyən tək mən deyiləm. Görürəm ki, yox, mən elə düz fikirləşmişəm. Yəni, bu gün Vaqif Gərayzadədən 10 dənə olsa da, xeyri yoxdur. 

- Bir ara yollarınız qardaş ölkəyə açıldı. Amma ikinci dəfə ana olmağa hazırlaşdığınız üçün fasilə verdiniz. İndi işləriniz nə yerdədir? 
- Deyək ki, məndə hamiləlik zamanına düşdü, bəs digər həmkarlarım? Əgər söhbət məndən gedirsə, dediklərinizlə razıyam. Nə vaxta qədər ki, Azərbaycanda müğənni toydan pul qazanacaq, (içi mən qarışıq) o vaxtda qədər bizdə bu sahədə irəliləyiş olmayacaq. Hətta bu sözləri İnstagram səhifəmdə də yazıram. Nə qədər oxuyuram, özümü realizə edə bilmirəm. Mən mahnılar yazdırıb, pul tökürəm, amma o pulu qazana bilmirəm. Elnarə bunu qazana bilmirsə, digərləri nə etsin? Hamı toylara getməyə məcburdur. Müğənni toy ampluasından o tərəfə çıxa bilmir. 

- Qeyri-adi layihə etmək üçün sizə nə qədər vəsait lazımdır ? 
- Adətən az vəsait xərclədiyim layihələrim daha çox tutarlı olub. Amma bu tək Azərbaycanda belə ola bilər. Bizdə 50 manatlıq mahnılar daha çox sevilir, populyar olur. Bir mahnıya təxminən 3-4 min pul xərcləyirəm. Amma o mahnı heç kimə lazım deyil. Məsələn, "Eypio Burak King"ın "Günah benim" mahnısı mənə 50 AZN-a başa gəlib və hal-hazırda o ifamı hər yerdə eşidirəm. Hara gedirəmsə, o mahnını səsləndirməyimi istəyirlər. Başa düşürəm ki, Azərbaycan üçün bu keçərlidir. Amma sirrini hələ çözə bilməmişəm. Nə vaxt ki, mən keyfiyyət istəyirəm, əlimdən gələni əsirgəmirəm, aləmi vururam biri-birinə ki, gör nə edəcəm. Amma arzum ürəyimdə qalır... 

- Bir ara pedaqoq kimi də, tərzinizi dəyişməyə çalışdınız. İbrahim Borçalı ilə özünüzü sınadınız. Onun sonu necə oldu? 
- Sözün düzü, bu işdə qarşılıq görmədim. Əslində ədəli-dədəli müəlliməm. Mən iki universitet bitirmişəm, qırmızı diplomlu müəlliməm. Hə, nə olsun? Amma mən özümü müəllim kimi də realizə edə bilmirəm. Məsələn, mən hazırda istədiyim universitetə gedib, dərs deyə bilərəm. Amma demirəm. Niyə? Çünki mənə sərf etmir. Amma fikirləşirəm ki, məmmuniyyətlə qardaş ölkədə Konservatoriyada çalışıb, ayda 10.000 EURO-mu alıb, ürəyim istədiyi kimi dolanardım. Azərbaycanda mən onu edə bilmirəm, məsələ budur. Mənim kimi savadlı, bacarıqlı və ağıllı adam özünü realizə edə bilmir. Sağımda-solumda həyatın necə döndüyünə tamaşa edirəm...