Özünü televiziya "bilicisi" sayan Qulu Məhərrəmlinin 14 fevralda "Moderator.az" saytına verdiyi müsahibə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin hər bir əməkdaşında dərin hiddət və narazılıq doğurdu.
Zaman-zaman Qulu Məhərrəmli və onun kimilərinin Azərbaycan Televiziyası ilə bağlı böhtan və hədyanlarını soyuqqanlılıqla qarşılamış, "xalqın gözü tərəzidir, ən yaxşı münsif tamaşaçılarımızdır" – deyə qərəz və nadanlıq dolu "rəylərə" əhəmiyyət verməmişdik. Lakin bu dəfə susmamağa qərar verdik. Peşəkar və obyektiv yanaşmadan son dərəcə uzaq olan bu yazıda böyük bir kollektivin və onun rəhbərinin ünvanına səslənən təhqiramiz ifadələr səbr kasamızı daşdırdı.
Azərbaycan Televiziya və Radiosunun bir qrup əməkdaşı böyük bir kollektivin istək və tələbini yerinə yetirərək Qulu Məhərrəmlinin üzdəniraq müsahibəsi ilə bağlı nə düşündüyünü geniş ictimaiyyət qarşısında açıq şəkildə bəyan etdi. Bizim hər birimiz televiziya və radio işinin peşəkarı olduğumuzu populist çıxışlar və ucuz reklamla yox, işimiz, əməlimiz, sözümüz və qələmimizlə sübuta yetirmişik. Ölkəmizin ən çətin dövründə xalqımızla çiyin-çiyinə olmuşuq, onun müstəqilliyinə və uğurlarına sevinmişik, Azərbaycanın böyük yenidənqurma və inkişaf prosesinə öz töhfəmizi verməyə var gücümüzlə çalışmışıq. Qulu Məhərrəmlidən fərqli olaraq, hər birimizin siyasi əqidəsi də, vətəndaş mövqeyi də bəllidir.
Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan Televiziyasında sədr vəzifəsində çox qısa və çox uzun
müddət çalışanlar olub. Həmin sədrlərin təyinatı ilə müxtəlif qurumlara rəhbərlik etmişik, öz qabiliyyət və bacarığımıza görə sayılıb – seçilmişik. Nə karyera qurmaq həvəsinə düşmüşük, nə də yersiz iddiallarla çıxış etmişik. Yalnız bizə tapşırılan işi məsuliyyət və bacarıqla yerinə yetirməyimizə görə qiymətləndirilmişik. On il öncə Arif Alışanov Azərbaycan Televiziyasına sədr təyin olunanda Qulu Məhərrəmlinin iddia etdiyi kimi, illüziyaya qapılmamışıq. Yüksək idarəçilik qabiliyyətinə malik peşəkar mütəxəssisi bizim kollektivə rəhbər təyin etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olmuşuq və bu gün də minnətdarıq. Yaxşı tanıdığımız peşəkar və bacarıqlı bir sədrin rəhbərliyi ilə Azərbaycan Televiziyasının yeni bir inkişafa, yeni uğurlara nail olacağına inanmışıq və bu inamımızda da yanılmamışıq. Azərbaycan Televiziyasının son 10 ildə qazandığı uğurlar göz önündədir və onları bir-bir sadalamağa ehtiyac duymuruq. Atalar demişkən: "Görünən dağa nə bələdçi".
Görünür bizdən fərqli olaraq Qulu Məhərrəmlinin xeyli illüziyası varmış. Uzun illər boyu Arif Alışanova etdiyi yaltaqlığın, şəninə söylədiyi boğazdan yuxarı təriflərin əvəzini gözləyirmiş bu başabəla televiziya "mütəxəssisi". Lakin unudub ki, sədrimiz həqiqətlə yalanı, ikiüzlülüklə səmimiyyəti çox yaxşı ayırd edir və hər kəsə layiq olduğu qiyməti verir.
Bizim çıxışımızdan sonra Qulu Məhərrəmli öz xislətinə, tərbiyə və dünyagörüşünə uyğun şəkildə Azərbaycan Televiziya və Radiosu qarşısında kifayət
qədər xidməti olan ziyalıları, öz bacarıq və qabiliyyətini dəfələrlə sübut etmiş peşəkar mütəxəssisləri "mənəvi cəhətdən istismar olunan asılı, zavallı adamlar" adlandırdı. Bizi tanıyanlara şəxsiyyətimiz də, fəaliyyətimiz də yaxşı məlumdur. Qulu Məhərrəmlidən fərqli olaraq heç bir kəsdən nə maddi, nə də mənəvi asılılığı qəbul etməmişik. Biz Arif Alışanov sədr olmamışdan əvvəl də uzun illər bu idarədə çalışmışıq və onun sədrliyindən sonra da doğma kollektivimizlə bir yerdə olmaq əzmindəyik. Ömrümüzün böyük bir hissəsini həsr etdiyimiz doğma ocağımızın-ana televiziyamızın təəssübünü də çəkirik, onun qədir-qiymətini də bilirik. Saxtalığı və riyakarlığı həyat amalı seçən Qulu Məhərrəmli kimi "teletənqidçilərə" və "təəssübkeşlərə" ehtiyacımız yoxdur. Qulu Məhərrəmli öz şəxsi ambisiyalarını həqiqət adına təqdim edirsə bizim də həqiqətimiz düzgünlük, qərəzsizlik, istedad və peşəkarlıqdır. Uzun illər bu kollektivlə çalışan, böyük iş və həyat təcrübəsinə malik insanlar kimi bir də onu deyə bilərik ki, heç bir zaman özümüzü mənən bu qədər rahat hiss etməmişik. Heç bir zaman Azərbaycan Televiziyasında rəhbərlə kollektivin ünsiyyəti bu qədər demokratik, bu qədər sərbəst və açıq müzakirə formasında olmayıb.
Sağlam bir yaradıcılıq mühitində çalışan, ən müasir texnologiyalar sayəsində ürəyindən keçənləri reallığa çevirə bilən, dövlətimizə və xalqımıza xidmətdən böyük zövq alan bizlər zavallıyıq, yoxsa sədr müavinliyi illüziyası daşa dəyən, kin-kidurət içində boğulan, iddiaları ilə imkanları düz gəlməyən Qulu Məhərrəmli?