Milli Məclis tərəfindən qəbul edilən yeni İnzibati Xətalar Məcəlləsində bir sıra məsələlərdə prokurorların səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Unikal.org xəbər verir ki, milli.az-a açıqlamasında bu barədə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, yeni İnzibati Xətalar Məcəlləsində əksər xəta tərkibləri, məsuliyyətə cəlb etmə qaydası və digər məsələlər köhnədə olduğuna oxşardır. Məcəllədə ən ciddi konseptual yenilik prokuror nəzarəti ilə bağlıdır:

"Yeni Məcəllə inzibati xətalara dair işlər üzrə icraatda prokurorun rolunu əsaslı şəkildə dəyişərək, onu cinayət prosesində iştiraka yaxınlaşdırma istiqamətində ciddi addım atıb. Bir xeyli xətalar var ki, onlara görə məsuliyyətə cəlb etmə prokurorların qərarı ilə olacaq. Həmin işlərə baxmaq səlahiyyəti isə məhkəmələrə aiddir. Həmin xətalar əsasən vəzifəli şəxslərin prosedur qaydalarını pozması ilə bağlıdır. Hətta yetkinlik yaşına çatmayanların (16-18 yaş arasında olanların) törətdiyi bütün xətalara dair işlər barədə prokurora məlumat verilməlidir və o, bu işlərdə iştirak edə bilər. Prokurora məlumat verilmədən həmin işlərə baxıla bilməz. Ən maraqlısı odur ki, kimsə vəkil adından qanunsuz istifadə edərsə, o da prokurorun qərarı ilə başlanmış iş üzrə məhkə tərəfindən 200-300 manat, vəzifəli şəxs olarsa, 600-800 manat məbləğində cərimələnəcək".

Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.