Fevralın 25-dən daha 1940 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq. "Report" xəbər verir ki, bununla da Tarif (qiymət) Şurasının qərarına əsasən, topdan və pərakəndə satış qiymətləri tənzimlənən dərmanların sayı 5 min 651-ə çatacaq. İndiyədək qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 3 min 711 idi. 

Azərbaycanda, ümumilikdə, qiymətləri tənzimlənən dərman vasitələrinin devalvasiyadan əvvəl satışda olan qiymətləri ilə müqayisədə 20 faizinin 2 dəfədən çox ucuzlaşdığı bildirilir. 8 faizinin qiyməti isə 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə, 60 faizinin qiymətləri endirilib.

Tarif Şurası dərmanların qiymətlərinin tənzimlənməsinə 2014-cü ilin sonlarından başlayıb. Buna səbəb ölkəyə gətirilə dərmanların dəyərindən 10 -20 dəfə baha satılması göstərilib. Amma 2015-ci ildə baş verən devalvasiyalar yenidən dərmanların qiymətlərinin bahalaşmasına səbəb olub. Deputat Musa Qasımov bildirib ki, indi dərmanların qiymətlərinin ucuzlaşdırılması ilə bağlı bir sıra təkliflər hazırlanıb. Bura dərmanların əlavə dəyər vergisindən azad edilməsi təklifi də daxildir.