"Radioelektron texnologiyalar" konserni insan orqanizminin əsas göstəricilərini qeydə alaraq məlumatları tibbi mərkəzə ötürən yeni teletibbi qadjetini təqdim edib.

Unikal.org  trend.az-a istinadən xəbər verir ki, "CardioMarker" adlı qadjet iki hissədən ibarətdir: ürək hissəsinə bərkidilən daşınan modul elektrokardioqram, temperatur və nəbz kimi göstəriciləri qeydə alır, xüsusi "ağıllı" qolbaq və smartfon üçün proqram isə məlumatları pasiyentə, həkimə və hətta təcili yardım briqadasına göndərə bilir.

Bütün məlumatlar mühafizə olunmuş mobil və radioəlaqə kanalları vasitəsilə real vaxt rejimində ötürülür ki, bununla da məlumatların məxfiliyi qorunur. Pasiyentin göstəriciləri normadan ciddi şəkildə fərqləndikdə qurğu həkimə və ya ən yaxın məsafədə olan təcili yardım briqadasına xəbərdarlıq göndərir.

"CardioMarker" aritmiya, işemiya (infarkt) hallarını aşkarlaya, yorğunluq dərəcəsi, stress səviyyəsi, orqanizmin bərpa olunma qabiliyyəti haqqında məlumatları əldə edə bilir. Qeyd olunan funksiyalar ürək-damar xəstəliklərinin izlənməsi və profilaktikası üçün vacibdir. Bundan başqa, qurğu idman tibbi sahəsində idmançıların göstəricilərinin yaxşılaşdırılması üçün istifadə oluna bilər.

Hazırda kliniki sınaqları keçirilən tibbi qadjetin kütləvi istehsalına cari ilin 3-cü rübünün sonunda başlanılacaq.