Bu il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib.

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı, Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu:

"BMT-dən sonra ən çox üzvü olan Qoşulmama Hərəkatının Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, böyük diplomatik və siyasi uğurdur. Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanatda da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirildi.

Bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxmışdır. Bu, Azərbaycanın günahından olmayıb. Bizə qarşı ədalətsizlik nümayiş etdirilmiş, diplomatiyada qəbuledilməz sözlər işlədilmişdir. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, Avropa Parlamentinin o qətnaməsinə uyğun cavab verdi. Nəticədə münasibətləri bərpa etmək üçün özləri gəldilər.