Avropa Şurasının Parlament Assambleyasının hazırda davam edən iclasında Azərbaycanın AŞPA-dakı deputat qrupunun üzvü Vüsal Hüseynov çıxış edib.

Unikal.org  azvision.az-a istinadən xəbər verir ki, öncə Türkiyədəki hadisələrə toxunan millət vəkili deyib ki, orada çevriliş cəhdinin iflasa uğraması insanların, siyasi və sosial qrupların həmrəyliyini ortaya qoydu. "Bu həmrəyliyin mənbəyi isə demokratiyaya inam, zorakılıq və insan ölümlərinin heç zaman demokratik institutların fəaliyyətinə etiraz üçün əsas ola bilməməsinə olan inamdır,- deyə o bildirib.
Vüsal Hüseynov Ermənistandan olan deputatların Azərbaycanla bağlı dediklərinə də cavab verib: "Bizim hər dəfə müşahidə etdiyimiz kimi, erməni nümayəndə heyəti hesab edir ki, özlərinin bu zalda olmasının yeganə səbəbi Azərbaycan barədə qərəzli və doğru olmayan məlumatlar təqdim etməklə dinləyiciləri çaşdırmaqdır. Mən onlara xatırlatmaq istəyirəm ki, onların rolu təkcə Azərbaycan əleyhinə qara informasiya kampaniyası ilə məhdudlaşmır. Siz Ermənistanın bizim əraziləri işğalı nəticəsində qaçqın düşmüş insanların hüquqlarının müdafiəsindən danışa bilərsiz. Siz cəsarət edib öz hakimiyyət və prezidentinizin də birbaşa iştirak etdiyi Xocalı ilə bağlı məsuliyyəti üzərinizə götürə bilərsiz.

Erməni deputatların Azərbaycanda keçirilən referendumla bağlı fikirlərinə cavab olaraq, Vüsal Hüseynov bildirib ki, Azərbaycanda həqiqətən əhəmiyyətli konstitusiya islahatı həyata keçirilib və məqsəd daha səmərəli idarəçilik sisteminin təmin edilməsidir. Bu referendum insanlar tərəfindən yüksək səviyyədə dəstəklənib və onu AŞPA-nın qiymətləndirmə missiyası, eləcə də digər müşahidəçilər izləyiblər. Bütün müşahidəçilər prosesi müsbət qiymətləndirib və şəffaf olmasını qeyd ediblər.

- Bu referendum göstərdi ki, Azərbaycanda xalqla Prezident arasında möhkəm əlaqə var. Hansı ki, Ermənistanda bunu müşahidə etmirik. Buna açıq nümunə Erebuni hadisəsidir. Belə ki, bir neçə ay əvvəl müxalifət liderləri və insan hüquqlarının müdafiəçiləri öz həyatlarını təhlükəyə ataraq, Erebuni polis məntəqəsini girov götürməklə, Ermənistan prezidentinin istefasını istəmişlər,- deyə Hüseynov vurğulayıb.