"Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir.

Unikal.org apa-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin bu gün keçirilən birgə iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, kimsə dini ritual yerinə yetirirsə, üzərində dini nişan varsa, yaxud evdə namaz qılır, dini ayin icra edirsə, bu qadağaların onlara dəxli yoxdur.
Xaricdə islam dini ilə bağlı təhsil alanların Azərbaycanda dini mərasimləri idarə etmələrinə qoyulan qadağa haqda da danışan komitə sədri bunları deyib: "Azərbaycanda Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində dini təhsil verilir. Ancaq bizdə xristian və yəhudi dinləri ilə bağlı dini təhsil verən mərkəz yoxdur. Ona görə də biz qadağanı məhz xaricdə İslam dini ilə bağlı təhsil alanların mərasim aparmalarına qoymuşuq. Onu da nəzərə almaq lazımdır ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni söhbət qanunun qəbulundan sonra xaricdə təhsil alanlardan gedir. Ola bilər ki, həmin insan savadlıdır, amma təhsil aldığı ölkənin müəyyən orqanları ilə əlaqədə olub. Dini mərasimləri vətəninə, ölkəsinə, xalqına bağlı olan insanlar idarə etməlidirlər.

Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib ki, xarici dövlətdə hansısa din xadiminin əlini öpüb Azərbaycanda siyasətlə məşğul olmaq yolverilməzdir və əl öpmək lazımdırsa, hörmətli şeyximizin əlini öpsünlər.

Q. Həsənquliyev bildirib ki, bəzi qərb dövlətləri Azərbaycanda dini ekstremizminə qarşı çox sərt, qeyri-adekvat mübarizə aparıldığını bildirir: "Ancaq onlar unutmamalıdırlar ki, Azərbaycanın ətrafındakı region məhz dini ekstremizmə görə qana boyanıb, ölkələr parçalanır. Buna görə də Azərbaycanı ittiham etmək yersizdir. Hər bir vətəndaşın borcudur ki, dövlətinin sabitliyini qorusun. Azərbaycanda dindarlara, o cümlədən şeyximizə böyük hörmət var, ibadət edənlərə heç bir problem yaranmır. Dini ekstremizm fəaliyyətinin Azərbaycanı fəlakətə sürüklənməsinə yol verilməməlidir. Ona görə də bu sahədə qanunların sərtləşdirilməsi doğru addımdır.