Unikal.org worldmedia.az-a istinadən bildirir ki, İspaniyanın "AS" qəzetində Azərbaycan futbolunun uğurları ilə bağlı yazı (Müəllif: Aritz Gabilondo) dərc olunub.

Yazını təqdim edirik:

Futbol üzrə 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində keçirdiyi 3 oyunda mümkün 9 xaldan 7-ni qazanmış, son qarşılaşmada isə Çexiya millisi ilə səfərdə qolsuz bərabərlik əldə etmiş Azərbaycanda eyforiya yaşanır. Seçmə mərhələyə uğurlu başlamış bu milli komanda indi böyük turnirdə - Dünya Kubokunda iştirak etmək arzusundadır.

Bu qəhrəmanlığın memarı isə ispan futbolunun köhnə tanışı Robert Prosineçkidir. "Real Madrid", "Ovyedo" və "Barselona"nın keçmiş futbolçusu Türkiyədə "Kayserispor", Serbiyada "Srvena Zvezda" kimi klublarda baş məşqçi kimi çalışdıqdan sonra Azərbaycan millisini sərt iradə ilə idarə edir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası xorvat mütəxəssisə təklifi 2 il əvvəl göndərmişdi. O zaman almaniyalı məşqçi Berti Foqtsun səs-küylü gedişindən sonra FIFA reytinqində 135-ci pillədə olan bu komanda Prosineçkidən daha uğurlu iş gözləyirdi. Onun "Srvena Zvezda" ilə Avropada qalib olmasına, İspaniyanın iki nəhənginin heyətində oynamasına və ümumiyyətlə, zəngin bioqrafiyasına baxmayaraq, azərbaycanlı azarkeşlər Prosineçkiyə o qədər də inanmırdılar. Bu üzdən mütəxəssisə illik 1,5 milyon avro əməkhaqqı verilməsi tənqid olunurdu.

Amma Prosineçki zaman ötdükcə şübhələri ümidə çevirə bilib. Son Avropa Çempionatının seçmə mərhələsinin sonunda Xorvatiya millisi ilə qolsuz bərabərlik indi yaşanmaqda olan uğurların başlanğıcı idi. İndi bu milli oyundan-oyuna daha yaxşı mübarizə aparır.

Beləliklə, Dünya Çempionatına gedən yol San-Marino yığması üzərində minimal hesablı qələbə ilə başlayıb, Norveç millisi üzərindəki eyni hesablı qələbə ilə davam edib. Çərşənbə axşamı Çexiya səfəri son sınaq olmalıydı və orada da uğurlu nəticə əldə olunub: 0:0.

Komanda Bakıdakı Olimpiya Stadionunda, demək olar ki, 70 minlik azarkeş qarşısında çıxış edir və beləliklə, möcüzəyə inanmağa əsas var. Hökumətin futbola yatırdığı sərmayə özünü doğrultmağa başlayıb. İndi 2018-ci ildə Rusiyada olmaq utopiya sayılmır.