Müasir dövrdə kəndir toxuma ilə məşğul olan çox az ailə tapılar, çünki yeni texniki avadanlıqlar əl əməyini geridə qoyduğundan bu sənət unudulmaq üzrədir. Buna baxmayaraq, Masallının Dikah kəndində Babayevlər ailəsi ata-babadan yadigar qalan 300 illik sənəti bu gün də davam etdirirlər.

Uniakl.org Azərtac-a istinadən xəbər verir ki, ailənin başçısı Fikrət Babayev rayonda kəndir toxuma sənəti ilə məşhurdur. Ona bu işdə ailə üzvləri də kömək edir.

Fikrət Babayev bildirib ki, kəndir toxuma nə qədər sadə görünsə də, bir o qədər çətin işdir: "Çünki dəqiqlik bu işin əsas şərtidir. Kəndirin diametrinin alınması böyük təcrübə tələb edir, 2338 ipdən 40 diametr kəndir almaq riyazi hesablamadır.

Onun sözlərinə görə, əvvəllər hər işi əl ilə edirdi, bu isə çox çətin idi. İndi isə aparatlardan istifadə edir ki, bu da işi qismən asanlaşdırıb. Toxunan kəndirlərdən həm kənd təsərrüfatında, həm də gəmilərdə istifadə olunur.

Kəndir toxumaqla ailəsini dolandıran Fikrət Babayev ali təhsilli olsa da, heç vaxt ata-babasından yadigar qalan bu sənətdən uzaqlaşmayıb.