"ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür. Bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də buna bənzər bəyanat səsləndirilmişdi və Azərbaycan hökuməti, ictimaiyyəti bu bəyanata kifayət qədər sərt, ədalətli reaksiya vermişdi".

Unikal.org apa-ya istinadən məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi irəliləyiş gözləmədikləri barədə bəyanatına münasibət bildirən baş nazirin müavini Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşları Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzu edir: "Status-kvonun yaxın zamanlarda dəyişdirilməsi bütövlükdə regionda sabitlik, əmin-amanlığın təmin edilməsi üçün ən düzgün yollardan biridir. Münaqişənin həll olunması üçün yaradılmış Minsk Qrupunun həmsədrləri belə bəyanat səsləndirirlərsə, bu, həmin vəzifəni üzərinə götürmüş həmsədrlərin həmin öhdəlikləri yerinə yetirmək iddiasında, gücündə olmadığı anlamına gəlir. Minsk qrupunun kifayət qədər səy göstərdiyini də qeydə etmək istəyirəm. Ancaq bu bəyanatlar fəaliyyət əmsalının üzərinə çox ciddi kölgə salır. Bir tərəfdən bu, ədalət baxımından düzgün yanaşma deyil, digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin səmərəliliyi baxımından məqbul olmayan bir yanaşmadır".

Həmçinin Yeni Azərbaycan Partiyası təşkilatçılığı ilə keçirilən "Müstəqilliyin 25 ili: Müstəqilliyin yaşıdları" konfransında çıxış edən baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov deyib ki, 25 il Azərbaycan üçün tərəqqi və inkişaf illəri olub

Ə. Əhmədov 25 il ərzində yetişən nəslin ən vətənpərvər və fədakar nəsil olduğunu bildirib: "Azərbaycanın müstəqillik tarixini 1991-ci ildən Heydər Əliyevin qayıdışına qədər olan dövrə, müstəqilliyin qorunduğu dövrə və prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin inkişafı dövrünə bölmək olar. 1991-ci ildə ən mühüm hadisə 18 oktyabrda Müstəqillik Aktının qəbul edilməsidir. Ancaq sonrakı proseslər, anarxiya müstəqilliyimiz üçün ciddi təhlükəyə çevrilmişdi. Digər tərəfdən, müstəqillik o qədər də düzgün olmayan postulat üzərində qurulmuşdu. "Ac olaq, müstəqil olaq!" şüarı üzərində müstəqil dövlət qurulacağı bəyan edilirdi. Xalq müstəqilliyini rifahı üçün arzu edir, ac olmaq üçün müstəqillik uğrunda mübarizə aparılmır. İnsanlar müstəqilliyin bəhrəsini görməlidirlər, əks halda, müstəqillik əl çatmayan, sonu dumanlı bir xəyala çevrilirdi. Heydər Əliyevin hakimiyyəti dövründə insanlar dərk etdi ki, müstəqillik xalqa xidmət edən bir gerçəklikdir. Heydər Əliyev sabitliyi, əmin-amanlığı bərpa etdi, erməni təcavüzünün qarşısını aldı, iqtisadi islahatlar həyata keçirdi. Prezident İlham Əliyevin dövründə isə Azərbaycanın dövlət müstəqilliyi daha da gücləndi, bütün sahələr inkişaf etdi".
Ə. Əhmədov deyib ki, bundan sonrakı dövrdə iqtisadiyyatın daha da inkişaf etməsi müstəqilliyimizin əbədi olması üçün əsas şərtdir: "İnsanların daha yüksək səviyyədə yaşaması istiqamətində vacib işlər görüləcək. Azərbaycanın müasirləşməsi, modernləşməsi prezidentin yürütdüyü siyasətin əsas parametrlərindən biridir. Yeni iqtisadi modelin ortaya qoyulması Azərbaycan iqtisadiyyatının, cəmiyyətinin inkişafı üçün dəyərli fundament yaradacaq".
Baş nazirin müavini bildirib ki, ötən 25 il, bu günlər "Azərbaycan tarixinin qızıl dövrü"dür: "Azərbaycan xalqının həyat səviyyəsi, rifahı bundan da yüksək olacaq. Müstəqillik qazananda 7 milyon əhalimiz vardı, yaxınlarda 10 milyon olacağıq. Bu da inkişafın bir göstəricisidir. Ermənistanda 1990-cı illərdə 3 milyon əhali vardısa, indi hardasa 2,5 milyon əhalisi var. Bu da inkişaf fərqini göstərir. Bundan sonrakı illərimiz daha gözəl olacaq".