"Beş ilə 10 min manat toplamışam. Amma bu vəsaitlə şəhərin mərkəzinə yaxın ərazilərdə ipoteka krediti ilə ev ala bilmirəm. Çünki şərtlərə uyğun gəlirim yoxdur. Bu imkanla yalnız şəhər ətrafında torpaq alaraq ev tikə bilərəm. Maraqlanıram ki, bunun da öz problemi var. Çünki şəhərin ətrafında su, işıq, qaz və ictimai nəqliyyat problemi yaşanır. Mən şəhərdə işləyirəm və işə yaxın ərazidə qalmaq istəyirəm ki, gəlib-getmək kimi problemim olmasın",-deyə Bakıda kirayədə yaşayan Elnur Məmmədov bildirir.
Onun sözlərinə görə, ipoteka krediti ilə mənzil almağın mümkün olduğunu eşidəndə çox sevinibmiş, amma ala bilməyib. Gənclik yaşlarını kirayələrdə keçirən E.Məmmədov ipoteka şərtlərinin yumşaldılmasını arzulayır.  
Əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə Azərbaycan İpoteka Fondu  yaradıldı. 2006-cı ildən ölkədə tətbiq olunan bu sistemin şərtləri sosial vəziyyəti orta səviyyədə olan azərbaycanlının ipoteka kreditindən istifadə etməsinə imkan vermədi. Buna səbəb ipoteka kreditinin faiz göstəricilərinin yüksək olması və alınan ipoteka məbləğinin az olmasıdır. 
Kiçik araşdırma apararkən məlum oldu ki, əksər tikinti şirkətləri ipoteka krediti ilə mənzil satmaqdan imtina ediblər. 
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən bildirildi ki, ipoteka krediti şərtləri ilə mənzil satılmır: "Ümumiyyətlə, kreditlə mənzil satılmır. Şirkətdən yalnız nağd şəkildə mənzil alınması mümkündür".
"AAAF PARK" Yaşayış Kompleksi də ipoteka krediti ilə mənzil satmır: "Şirkətdaxili 4 faiz kreditlə 25 ilə mənzillər satılır".
"Azər - Ross İK" MTK, "Günel Ltd", "Həsən - 96" MMC, "Həsən - 96" MTK, "Hüseyn -94" KM, "İlkan" MMC tikinti şirkətlərini özündə birləşdirən "Avesta" Konsernindən bildirdilər ki, ipoteka krediti şərtləri ilə mənzil satmırlar. 
Eyni cavabı "Rich" MTK-dan eşitdik: "Bizdə güzəşt belədir ki, payçı 3 il ərzində mənzilin məbləğini tam ödəsə, ondan faiz istənilmir".
"DDLAR GROUP" QSC də də ipoteka krediti ilə mənzil satmır: "Biz müştəriyə iki illik kreditlə mənzilin faizsiz alqı-satqısını təklif edirik".
"Renessan Palace"dan bildirildi ki, bu şirkətin tikdiyi yaşayış binasında ipoteka krediti ilə mənzillər satılır: "İlkin ödəniş 10 faiz, illik  8 faiz və 20 il müddətinə mənzillər satılır. Mənzilin qiyməti mənzilin sahəsindən, mərtəbədən və otaq sayından asılı olaraq 550 manatdan başlayır".
"Uğur-97" tikinti şirkəti də ipoteka krediti şərtləri ilə mənzilin satıldığını bildirdi: "Mənzilin qiymətinin 50 faiz məbləği ödənilir. 50 faizi isə ipoteka krediti şərtləri ilə ödənilir. İlə 8 faiz olmaqla 20 ilə kredit ödənilə bilər. Mənzilin bir kvadratmetri 2300 manatdır". 
"Creative Group" ev alqı-satqı şirkətində vasitəçi Rəşad bildirdi ki, müştəriyə ipoteka şərtləri ilə təklif olunacaq mənzil onların elan siyahısında yoxdur. 
"Ev" alqı-satqısı ofisinin sahibi Əli Əliyev isə dedi ki, ipoteka kreditlərinin verilməsində yaranan fasilənin səbəbi mövcud iqtisadi böhrandır: "Bizdə də ipoteka krediti ilə mənzillərin alqı-satqısı təklif olunmur. Çünki yaranmış arzuolunmaz iqtisadi vəziyyətdə banklar risklə üz-üzə qalırlar. Fasilələr olsa da, ipoteka kreditləşməsi davam edir". 
Unikal.org xəbər verir ki, mənzil bazarı üzrə ekspert Ramil Osmanlı "Bizim Yol"a bildirib ki, qurulan ailələrin sayını nəzərə alsaq, paytaxtın illik mənzil tələbatı təxminən 3,5 milyon kvadratmetr mənzil sahəsini əhatə edir: "Amma nə qədər mənzil tikilir? 2008-ci ilə qədər mənzillər çox tikilirdi. Amma son illər illik 1,7 milyon kvadratmetr sahəni əhatə edən mənzillər tikilib".
Mənzil bazarında kreditlə alqı-satqı azalıb, yoxsa çoxalıb? Ekspert bu suala iki formada cavab verməyin lazım olduğunu bildirdi: "Birincisi, ipoteka kreditləşməsi formasında. 2014-cü ildə 130 milyon manat ipoteka krediti üçün vəsait ayrılmışdısa, bu rəqəm 2015-ci ildə təxminən 70 milyon manat səviyyəsinə endi. 2016-cı ildə isə bu məbləğin daha da azalacağı gözlənilir. Onu da nəzərə alaq ki, Azərbaycan İpoteka Fondu yaradılandan sonra inşa olunan yaşayış binalarının sayı çoxalıb".
 "Əhalinin alıcılıq qabiliyyəti ilə mənzillərin qiyməti arasında fərq nə qədərdi" sualına cavabında R.Osmanlı təəssüflə bildirdi ki, fərq kifayət qədər böyükdür: "Bir kvadratmetr mənzilin orta qiyməti orta aylıq əmək haqqından 3 dəfə çoxdur. Yəni orta aylıq əmək haqqı alan vətəndaş təqribən 3 ay heç nə yemədən-içmədən gəlirini yığmalıdır ki, mənzilin bir kvadratmetrini ala bilsin. Mənzillərin satış qiyməti həddən artıq yüksək olduğundan mənzil əlçatanlığı həddən artıq aşağı səviyyədədir".
Ekspert hesab edir ki, ipoteka kreditinin şərtləri bu gün üçün sərfəli deyil: "Məsələn, faiz dərəcələri… Ümumi ipotekanın faiz dərəcəsi illik 8 faizdir, sosial ipotekanın isə 4 faiz. Bu o deməkdir ki, 50 min manat vəsaiti götürən istehlakçı ay ərzində 384 manat kredit ödəməlidir. İndiki ağır iqtisadi şərtlər çərçivəsində daha bir statistikaya nəzər salaq. 2009-cu ildən bu günə kimi ipoteka krediti götürənlərin təxminən 50 faizi neft-qaz və bank-sığorta təşkilatlarında çalışan şəxslər olublar. Nəzərə alsaq ki, bu gün həmin təşkilatlarda həm əmək haqqı göstəriciləri aşağı düşüb, həm də iş yerlərinin bağlanması və ixtisarlar olub. Bu o deməkdir ki, həmin təşkilatlarda çalışan şəxslərin ipoteka kreditinə əlçatanlığının səviyyəsi aşağı düşüb və eyni zamanda ipotekanın problemli kreditlər üzrə riski artıb.  
Bu gün Bakı şəhərinin ipoteka krediti üzrə əlverişli 3-4 rayonu var. Xətai və Yasamal rayonları, Nərimanov rayonunun bir hissəsi və Nəsiminin mikrorayonlar ərazisinin ipotekada payı daha çoxdur. Manatın devalvasiyasından sonra mənzillərin qiyməti qismən aşağı düşüb. Bu ərazilərdə 50 min manatlıq vəsaitin üzərinə 20 faizi və ilkin ödənişi əlavə etsək, vətəndaşın iki otaqlı mənzil alması mümkündür. Amma mərkəz və mərkəzə yaxın ərazilərdə bazarın indiki qiymətləri ipotekanın məbləğinə adekvat deyil. 50 min manatı almaq üçün 3 nəfərlik ailənin minimum 900-950 manat, 4 nəfərlik  ailənin isə 1100-1150 manat gəliri. Bu gün belə əmək haqqı şərtləri ilə çalışanların sayı azalıb. Bu fakt da ipoteka kreditləri üzrə əlçatanlığı aşağı salır".