Avropa Liqasının qrup mərhələsində PAOK-u qəbul edəcək "Qarabağ" matçın hazırlıqlarını davam etdirir.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, kapitan Rəşad Sadıqovun durumu hələ də qeyri-müəyyən olaraq qalır.

Belə ki, milli komandanın heyətində Norveçlə qarşılaşmada zədələndiyi üçün Çexiya, həmçinin ölkə çempionatında "Sumqayıt"la qarşılaşmaları buraxan təcrübəli müdafiəçi hazırda fizioterapevt nəzarəti altında məşq keçməklə kifayətlənir. Cəzalı Elvin Yunuszadənin də yoxluğunu nəzərə alsaq, Sadıqov oyuna yetişməsə, Ağdam klubu müdafiə xəttində ciddi problem yaşayacaq.
Bu arada, "Qarabağ" - PAOK qarşılaşması üçün bilet satışı davam edir. Amma qarşılaşmaya maraq elə də yüksək deyil. Belə ki, havaların kəskin dəyişməsi və aramsız yağışın yağması azarkeş marağına da ciddi təsir göstərib. Matçın baş tutmasına cəmi iki gün vaxt qalsa da, hələlik 5000-ə yaxın bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - PAOK görüşü oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.