"Rusiya prezidenti Vladimir Putinlə şəxsi əlaqələrimiz olduqca yaxşıdır. Biz uzun müddətdir ki, bir-birimizi tanıyırıq.

Unikal.org xəbər verir ki, bunu prezident İlham Əliyev "Sputnikə müsahibəsində deyib.

Azərbaycan prezidenti Putinin ilk dəfə 2001-ci ildə Rusiya prezidenti kimi Azərbaycana gəlməsini xatırlayıb: "Bu, Rusiya prezidentinin Azərbaycana ilk səfəri idi. SSRİ-nin dağılmasından 10 il keçməsinə baxmayaraq, bu vaxta qədər heç kim Azərbaycana səfər etməmişdi. O, müharibədə həlak olanların məzarlarını, Şəhidlər Xiyabanını ziyarət etdu. Bu da Azərbaycan ictimaiyyəti tərəfindən yaxşı qarşılandı. Mən, həmçinin Putinin atam Heydər Əliyevlə olan görüşlərində də iştirak etmişəm. Onlar arasında çox yaxın münasibətlər var idi. Bildiyiniz kimi onlar həmkar olublar, bir-birilərinə hörmətlə yanaşıblar.

İlham Əliyev vurğulayıb ki, münasibətlərimiz qarşılıqlı inam əsasında qurulub: "Mən prezident olduqdan sonra bizim əlaqələrimiz müntəzəm xarakter daşımağa başladı. Münasibətlərimiz qarşılıqlı inam əsasında qurulub. Bir nümunə göstərim: Son üç ildə Rusiya prezidenti üç dəfə Azərbaycana səfər edib. Bu, özü özlüyündə bir göstəricidir. Lakin onun bir səfəri olduqca əhəmiyyətlidir - bu 2015-ci ildə baş tutan səfərdir. Mən onun gəldiyi tarixi (12 iyul) açıqlayanda siz anlayacaqsınız. Rusiya günü ilə bağlı tədbirlərdən sonra o təyyarəyə mindi və Avropa Oyunlarının açılış mərasiminə özünü çatdırdı. Avropa ölkələrinin əksər liderləri buna əhəmiyyət vermədilər. Bizdə olan məlumatlara görə, onlar bu barədə təlimat almışdılar. Putin isə gəldi. Onun gəlməsi faktı - hələ bunun Rusiya günündə baş verməsi Azərbaycana qarşı xüsusi münasibətdən, bizim Rusiyaya olan münasibətimizdən xəbər verir.

Sonuncu dəfə onun səfəri avqusta olub. Biz onunla rəsmi görüşlərdən sonra bir neçə saatlıq şəxsən söhbət etdik. O, insan kimi böyük hörmət hissi oyadır. Mən bunu tamamilə səmimi şəkildə deyirəm. Mən ona böyük hörmət bəsləyirəm. O, yüksək şəxsi keyfiyyətlərə malik, ləyaqətli insandır. O, çox dürüst, sözünün üstündə duran insandır. O, böyük bir ölkənin, dünyada olan iki böyük gücdən birin rəhbəridir, lakin ünsiyyət zamanı çox sadədir. Onunla işləmək mənim üçün olduqca rahatdır və demək istəyirəm ki, bu baxımdan Rusiyanın bəxti gətirib. Həmçinin Rusiyanın bütün dostların. Həm də sizin proqramınız vasitəsilə prezidentə uğurlar arzulamaq istəyirəm.