Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün - fevralın 27-də Şirvan şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyindən unikal.org-a daxil olan məlumata görə, Polis Şöbəsində baş tutan tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eləcə də bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin qəbula gəlmiş nümayəndələri ilə görüşən nazir onları narahat edən problemləri şəxsən dinləyib, müraciətlərin qanunvericiliyə uyğun şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin orta, sıravi və kiçik rəis heyəti vəzifələrində, həmçinin, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 697 nəfər gənc də qəbulda iştirak edib. Onların arasından 155 namizəd polis orqanlarında, o cümlədən dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış 11 nəfər orta rəis heyəti vəzifələrinə, 115-i isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Daha sonra cənab Ramil Usubov namizədlərə öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.