Ağdaş rayon sakini Yeganə Mustafayeva bir neçə ildir qaynaqçılıq, rəngsazlıq və dəmirçiliklə məşğuldur.

ARB TV xəbər verir ki, zərif cinsin nümayəndəsi metaldan 15-ə yaxın məişət əşyası hazırlayır. O, bu sənətin qadın işi olmadığını bildirsə də, zəhmətə qatlanmağı sevir.

Yeganə Mustafayeva: "Bu sənət çox çətindir. Hər qadın qaynaqçı olmaq istəmir. Çünki gecələr gözlərin ağrısından yatmaq olmur".

Hazırladığı əşyalara dəqiqliklə rəng vuran Yeganə Mustafayeva qaynaqçılığı 30 ildən artıq bu işlə məşğul olan Çingiz Baxışovdan öyrənib. Usta deyir ki, qaynaqçılıq sənətinin bütün çətinliklərinə baxmayaraq Yeganə Mustafayeva bu işin öhdəsindən gəlməyi bacarıb.

Çingiz Baxışov: "Yeganə Mustafayeva qaynaqçılıq sənətini tez bir zamanda öyrənib. O, heç bir zaman oddan, qığılcımdan qorxmayıb".

Seçdiyi sənətin peşəkarı olan qaynaqçı və rəngsaz qadın ailəsinin gündəlik ehtiyaclarını da öz əlinin zəhməti hesabına ödəyir. Günün əksər hissəsini emalatxanasında çalışmaqla keçirir. Yeganə Mustafayevanın hazırladığı əşyaları alanlar da onun qabiliyyətinə valeh olurlar.

Sakin: "Bu qadının əl qabiliyyəti yaxşıdır. Onun hazırladığı əşyaları isə hər yerdən gəlib alırlar".

Qışın soyuğu, yayın istisində qaynaq işləri görən Yeganə Mustafayevanın dərzilik bacarığı da var.