Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edərək, F. Hüseynovun cəzasının azaldılmasını istəyib.
Sonra prosesdə hökm oxunub.
Hökmə əsasən, F. Hüseynov azadlıqdan ömürlük məhrum edilmə cəzasına məhkum olunub.
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetiriliblər. V. Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində o saxlanılıb.
Müəyyən edilib ki, F. Hüseynov ailəyə çox yaxın olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında Əbilhəsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V. Əbilhəsənovanı kəsici alətlə, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.