"AŞPA prezidentinin Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) ilə görüşündə ölkəmiz haqda yalan informasiyaların verilməsi qərəzli xarakter daşıyır. Dəfələrlə bildirmişik ki, bəzi QHT-lərin ölkə haqqında düzgün olmayan məlumatlar verməsi çox pis haldır".
Unikal.org xəbər verir ki, bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.
O qeyd edib ki, AŞPA yalnız qərəzli mövqedən çıxış edən QHT nümayəndələrini dinləyir. Politoloq bildirib ki, onlara verilən informasiyalar həqiqətə uyğun deyil.
"Əgər Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya, 3500-dən artıq QHT rəsmi, 1000 dən artıq QHT isə qeyri-rəsmi, çoxsaylı KİV, bütün sosial şəbəkələr tam azad və sərbəst fəaliyyət göstərirsə, ölkənin 1 milyon 300 mindən artıq "facebook" istifadəçisi varsa, bütün kənd və şəhərlər internetlə təchiz olunubsa, burada hansı insan hüquqlarının pozulmasından söhbət gedə bilər? Azərbaycanda bu gün istənilən vətəndaş üçün sərbəst şəkildə fəaliyyət göstəməyə bütün imkanlar yaradılıb. Dövlətimiz AŞPA prezidenti ilə görüşdə iştirak edən QHT-lər üçün hansı bir çətinlik, problem yaradıb ki, onlar belə yalan məlumatlar verirlər?" - deyə, R.Qonaqov əlavə edib.
Mərkəz sədri vurğulayıb ki, konkret cinayət törətmiş şəxslərin həmin fakta görə həbs olunmasının siyasi faəliyyətə heç bir aidiyyəti yoxdur: "Cənab Prezident həmişə humanist addımlar atır. Həmin o şəxslər əhf siyasına, aministiyaya salınır, dövlət başçısı tərəfindən bağışlanır. Öz dövləti haqqında həqiqəti əks etdirməyən, düzgün olmayan informasiyaların verilməsi heç bir QHT nümayəndəsinə yaraşmaz".